Trampın paylaşımlarını tez görmək ayda 100 min dollara başa gələcək
ABŞ lideri Donald Trampa məxsus Trump Media & Technology Group şirkətinin sosial şəbəkəsi Truth Social bazar iştirakçılarına prezidentin paylaşımlarını geniş yayımdan əvvəl təhlil etmək imkanı verən ödənişli xidmət istifadəyə verir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Associated Press˝ məlumat yayıb.
Truth API adlanan yeni xidmət əsasən maliyyə şirkətləri və yüksək tezlikli treyderlər üçün nəzərdə tutulub. Operativ məlumat əldə etmək istəyən istifadəçilərin bunun üçün ayda təxminən 100 min dollar ödəyəcəyi bildirilir.
Tənqidçilər hesab edirlər ki, belə model bazarda qeyri-bərabər şərait yarada bilər. Trampın Truth Social-da paylaşdığı bəyanatlar daha əvvəl səhmlərin, valyutaların və əmtəə bazarlarının qiymətlərində kəskin dəyişikliklərə səbəb olub.
ABŞ Prezidenti platformadan tariflər, beynəlxalq siyasət, enerji və iqtisadiyyatda mümkün dəyişikliklərlə bağlı açıqlamalar vermək üçün istifadə edir.
Maliyyə etikası üzrə ekspertlər bu modelin maraqlar toqquşmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Onların fikrincə, prezident öz bəyanatları ilə bazarlara təsir göstərə, ayrı-ayrı bazar iştirakçıları isə həmin məlumatlara daha sürətli çıxış əldə edə bilər.
Şirkət isə bu ittihamları rədd edir və bildirir ki, xidmət eksklüziv məlumat təqdim etmir, paylaşımlar həm treyderlərə, həm də adi istifadəçilərə eyni vaxtda açıq olacaq. Bununla belə, tənqidçilər üstünlüyün məlumatın əldə edilmə sürətində ola biləcəyini vurğulayırlar. Belə ki, iri fondların alqoritmləri paylaşımlara saniyənin çox kiçik hissəsi ərzində reaksiya verə bilər.
Yeni xidmət Trump Media şirkətinin ciddi maliyyə problemləri fonunda istifadəyə verilir. Trampın hakimiyyətə gəlməsindən sonra şirkətin səhmlərinin dəyəri əhəmiyyətli dərəcədə azalıb və şirkət böyük itkilər qeydə almaqda davam edir.
18:30 01.08.2026
Oxunuş sayı: 70