Zelenski özü öz "qələmini qırdı?": Federovun intiqamı ağır ola bilər- Müsahibə
Ukraynada son günlər baş verən yüksək səviyyəli kadr dəyişiklikləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub. Müdafiə naziri Mixaylo Federovun və Baş komandan Aleksandr Sırskinin vəzifədən uzaqlaşdırılması, Müdafiə Nazirliyində aparılan dəyişikliklər və yeni təyinatlar təkcə şəxslərin əvəzlənməsi kimi qiymətləndirilmir. Bir çox ekspertlərin fikrincə, bu proses Ukraynanın müharibəni idarə etmə modelinin yenilənməsi, hərbi idarəetmədə yeni yanaşmalara keçid və siyasi qərarvermə mexanizmlərinin sınağa çəkilməsi ilə bağlıdır. Baş verən dəyişikliklərin səbəbləri, mümkün nəticələri və bunun həm cəbhəyə, həm də Ukraynanın siyasi gələcəyinə təsiri barədə türkiyəli politoloq Cantürk Caner Crossmedia.az-ın suallarını cavablandırıb:

– Ukraynada hərbi elitasında baş verən son dəyişiklikləri necə qiymətləndirirsiniz?
– Çünki burada söhbət yalnız vəzifə dəyişikliklərindən getmir. Bu, müharibənin hansı modellə idarə olunacağına dair iki fərqli yanaşmanın toqquşmasıdır. Bir tərəfdə canlı qüvvəyə, mərkəzləşdirilmiş komandanlığa, mövqe müdafiəsinə və klassik quru əməliyyatlarına əsaslanan model dayanır. Digər tərəfdə isə dronlar, süni intellekt, rəqəmsal komandanlıq, şəffaf təchizat, kiçik bölmələrin təşəbbüsü və Rusiyanın dərinliklərinə yönəlmiş asimmetrik əməliyyat anlayışı var.
– Sizcə, Fedorov və Sırski arasında fikir ayrılığının mahiyyəti nə idi?
– Bu qarşıdurma şəxsi deyil, doktrinal xarakter daşıyırdı. Fedorov rəqəmsal dövlət layihələrini müdafiə texnologiyalarına daşıyan, dron istehsalını və tədarükünü genişləndirən, tenderləri rəqəmsallaşdıran və resursların fəaliyyət göstəricilərinə əsasən bölüşdürülməsini müdafiə edən fiqur idi. Sırski isə klassik, mərkəzləşdirilmiş komandanlıq modelini təmsil edirdi. Əsas sual Ukraynanın Rusiyanı hansı müharibə modeli ilə tarazlaşdıracağı idi.
– Sizcə, Ukraynaya belə islahatlar lazım idimi?
– Bəli, komanda strukturunda islahatlara ehtiyac var idi. Rusiyanın canlı qüvvə, sursat və sənaye üstünlüyü fonunda Ukraynanın eyni tip müharibəni daha məhdud resurslarla davam etdirməsi uzunmüddətli perspektivdə davamlı deyil. Ukraynanın üstünlük qazana biləcəyi istiqamətlər texnologiya, kəşfiyyat, dəqiq zərbələr, elektron müharibə və mərkəzləşdirilməmiş komandanlıqdır.
– Prezident Volodimir Zelenski bu prosesi düzgün idarə edə bildimi?
– Fikrimcə, yox. O, əvvəlcə islahatçı müdafiə naziri Fedorovu vəzifədən uzaqlaşdırdı, daha sonra isə etirazların təzyiqi fonunda Sırskini də postundan kənarlaşdırdı. Bu addımlar hakimiyyəti gücləndirmək əvəzinə, qərarların ardıcıllığı ilə bağlı suallar yaratdı və daha çox böhran idarəçiliyi təsiri bağışladı.
– Hazırda Ukrayna ordusunun qarşısındakı əsas problemlər hansılardır?
– Bir neçə problem həlledici rol oynayır. Bölmələrin tükənməsi və şəxsi heyət çatışmazlığı, komandanlıqla cəbhə arasında etimadın zəifləməsi və texnoloji yeniliklərin bütün orduya kifayət qədər sürətlə tətbiq edilə bilməməsi. Problem yeni texnologiyalar yaratmaq deyil, onları geniş miqyasda hərbi sistemə inteqrasiya etməkdir.
– Fedorovun vəzifədən uzaqlaşdırılmasının arxasında yalnız hərbi səbəblər dayanırdı?
– Məncə, bu məsələni yalnız hərbi uyğunsuzluqla izah etmək düzgün olmaz. Fedorov zaman keçdikcə daha müstəqil siyasi nüfuz qazanmağa başlamışdı. Bununla belə, onun prezidentliyə potensial rəqib olduğu üçün vəzifədən uzaqlaşdırıldığı iddiasını sübut olunmuş fakt kimi təqdim etmək olmaz. Bu, hazırda siyasi şərhlərdən biridir.
– Sırskinin vəzifədən uzaqlaşdırılması nə dərəcədə əsaslı idi?
– Baş komandan yalnız əməliyyatları planlaşdırmır. O, həm də ordunun etimadını qorumalı, siyasi rəhbərliklə koordinasiyanı təmin etməli və cəmiyyətdə legitimlik hissini saxlamalıdır. Sırski bu istiqamətlərdə ciddi zəifləmə yaşamışdı. Buna görə də onun dəyişdirilməsi hərbi və ictimai baxımdan anlaşılan addım idi.
– Bəs Fedorovun vəzifədən uzaqlaşdırılması barədə nə düşünürsünüz?
– Burada əsaslandırma kifayət qədər inandırıcı görünmür. O, cəmi altı ay müdafiə naziri olmuşdu və belə islahatların nəticə verməsi üçün bu müddət çox qısadır. Üstəlik, vəzifədən uzaqlaşdırıldıqdan sonra ona yenidən yüksək texnologiya yönümlü strateji vəzifə təklif olunması da müəyyən ziddiyyət yaradır.
– Yeni baş komandan Mixaylo Drapatıdan nə gözləmək olar?
– Drapatıy cəbhə təcrübəsi olan, texnologiyalara və kiçik bölmələrin təşəbbüsünə açıq yanaşan komandir hesab olunur. O, etimadı bərpa etmək üçün güclü namizəddir. Amma bir şəxsin dəyişməsi ilə sovet tipli komandanlıq mədəniyyətinin dəyişəcəyini gözləmək düzgün deyil. Onun uğuru institusional islahatların davam edib-etməyəcəyindən asılı olacaq.
– Baş Qərargah rəisi İhor Skıbyuk və müdafiə naziri vəzifəsini icra edən Yevheniy Xmaranın təyinatlarını necə qiymətləndirirsiniz?
– Skıbyukun təyinatı qərargah sisteminin Drapatının yanaşmasına uyğun formalaşdırılması cəhdi kimi görünür. Xmaraya gəlincə, o, xüsusi əməliyyatlar sahəsində güclü təcrübəyə malikdir. Lakin Müdafiə Nazirliyi yalnız döyüş əməliyyatları deyil, həm də böyük büdcənin, müdafiə sənayesinin, NATO ilə əməkdaşlığın və idarəetmənin koordinasiyasını tələb edən mürəkkəb qurumdur. Buna görə də onun institusional idarəçilik bacarığı hələ sınaqdan keçməyib.
– Son rəy sorğuları fonunda Fedorovu Zelenskinin gələcək siyasi rəqibi hesab etmək olarmı?
– Hazırda o, artıq ciddi potensial rəqiblərdən biri kimi görünür. Lakin hələ tam formalaşmış prezidentliyə namizəd deyil. Bunun üçün müstəqil siyasi xətt formalaşdırmalı, müxtəlif ictimai qrupları ətrafında birləşdirməli və iqtisadiyyat, sosial siyasət, diplomatiya və müharibədən sonrakı bərpa ilə bağlı proqram təqdim etməlidir.
– Yekun olaraq, bu prosesdən hansı əsas nəticələri çıxarmaq olar?
– Məncə, üç əsas nəticə var. Birincisi, Ukrayna cəmiyyəti artıq təkcə Rusiyaya qarşı müqaviməti deyil, müharibənin necə idarə olunduğunu da sorğulayır. İkincisi, texnoloji uğurlar yalnız bütün hərbi sistemə inteqrasiya edildiyi halda nəticə verə bilər. Üçüncüsü, Zelenski fərqində olmadan öz gələcək siyasi rəqiblərindən birinin formalaşmasına şərait yaratmış ola bilər. Ümumilikdə isə Ukraynadakı dəyişikliklər sadəcə kadr dəyişikliyi deyil, müharibənin idarə olunması modelinin yenilənməsi cəhdidir.
18:11 23.07.2026
Oxunuş sayı: 114