Volçansk yaxınlığında Ukrayna hərbçiləri ilə bağlı Rusiya açıqlaması
Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Volçansk şəhəri yaxınlığında mühasirəyə alınmış bölmələrinin itkilər verdiyini, texnika və silahları ataraq təslim olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə məlumat yayıb.
Rusiya təhlükəsizlik strukturlarının nümayəndəsinin sözlərinə görə, Ukrayna hərbçilərinin bir hissəsi meşəlik ərazilərdən keçərək mühasirədən çıxmağa çalışır, lakin pilotsuz uçuş aparatlarının hücumları nəticəsində itkilər verir.
“Bəziləri meşələrdən keçərək uğursuz şəkildə çıxmağa çalışır, dronlarımızın zərbələri nəticəsində itkilər verirlər. Texnika və silahları atır, nəticədə əsir düşürlər”, - Rusiya tərəfinin nümayəndəsi bildirib.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 7-də Xarkov vilayətində təxminən 1,7 min Ukrayna hərbçisinin mühasirəyə düşdüyünü açıqlayıb.
Sentyabrın 3-də Rusiya tərəfi “Şimal” qoşun qruplaşmasının Xarkov vilayətində Vasilyevka, Blagodatnoye, Doljanka və Sliznevo kəndlərinə nəzarəti ələ keçirərək “Volçansk qazanı”nı bağladığını bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin isə sentyabrın 1-də Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin daha bir qruplaşmasının mühasirəyə alınmasının başa çatdığını açıqlamışdı. Putinin sözlərinə görə, həmin qruplaşmanın məhv edilməsi döyüş təmas xəttinin Belqorod vilayətinin sərhədyanı rayonlarından bu istiqamətdə ən azı 20 kilometr uzaqlaşdırılmasına imkan verə bilər.
Qeyd edək ki, bütün bu məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
23:39 07.09.2026
Oxunuş sayı: 39