Qazaxıstan Rusiya ilə münasibətlərini pozur
Qazaxıstanın Rusiya ilə münasibətlərində son illərdə daha balanslı və milli maraqlara əsaslanan siyasət yürütməsi regional siyasətdə diqqət çəkən məsələlərdən biridir. Astana bir tərəfdən Rusiya ilə mövcud siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini qorumağa çalışsa da, digər tərəfdən Moskvanın Ukraynaya qarşı müharibəsi fonunda beynəlxalq hüquqa münasibətdə fərqli mövqe nümayiş etdirir.
Xüsusilə Qazaxıstanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi və Rusiyanın nəzarətində olan separatçı qurumları tanımaması ölkənin xarici siyasətdə balansı qorumaq cəhdinin göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Crossmedia.az-a açıqlamasında bildirib ki, Qazaxıstan dövlətlərarası münasibətlərdə balansı qorumaq və öz milli maraqlarını müdafiə etmək baxımından ideal mövqedədir.
“Zənnimcə, Qazaxıstan dövlətlərarası münasibətlərdə balansı və öz maraqlarını qorumaq üçün ən ideal mövqedədir. Onlar indidən müəyyən tədbirlər görməyə başlamaqla doğru addım atırlar.
Məsələn, Rusiyanın təcavüzkar siyasəti, Ukrayna ərazisində baş verənlər və bunun nəticəsində Rusiyanın böyük itkilərə məruz qalması, eyni zamanda dünyada imicini itirməsi göz qabağındadır. Bəzi dövlətlər, misal üçün Tacikistan kimi ölkələr, yəni digər zəif dövlətlər buna göz yumsa da, Qazaxıstan müəyyən addımlar atır.

Prezident Tokayev dəfələrlə Putinin üzünə onun və Rusiyanın nöqsanlarını deyib. O, açıq şəkildə bildirib ki, “Biz sizin o dediyiniz Donetsk və Luqansk Xalq Respublikalarını, eləcə də digər əraziləri tanımırıq, biz bu cür kvazi dövlətləri tanımaq niyyətində deyilik”.
Fikrimcə, Qazaxıstan bu qəti və obyektiv mövqeyindən çəkinməyərək məsələ ilə bağlı indidən tədbirlər görməyə başlayıb.
Çünki ümumilikdə Rusiya Ukrayna Respublikasına qarşı təcavüz etməklə hər iki tərəfə – istər qadınlara, uşaqlara, istərsə də mülki əhaliyə və ailələrə böyük ziyan vurub. Bu səbəbdən də Beynəlxalq Cinayət Məhkəməsi Putini cinayətkar hesab edir və onu Haaqa Məhkəməsində mühakimə etmək niyyətindədir”.
Zeynəb Həsən
20:50 04.09.2026
Oxunuş sayı: 48