Uçqun faciəsi: Xilasetmə işləri səhərədək dayandırıldı
Kabardin-Balkariyada Bezenqi dərəsində uçqun nəticəsində aparılan axtarış-xilasetmə işləri hava şəraitinin pisləşməsi və qaranlıq səbəbindən səhərədək dayandırılıb.
Crossmedia.az xəbər verir ki, Rusiya FHN-in Kabardin-Balkariya üzrə Baş İdarəsi bu barədə məlumat yayıb.
Sentyabrın 7-də FHN-in Mi-8 helikopteri 12 xilasedicini Miçirqi dağının ətəyinə çatdırıb. Onlar axtarış aparıb, tapılan alpinistlərin meyitlərini təxliyəyə hazırlayıb və baza düşərgəsi üçün ərazi qurublar.
Əlverişsiz hava şəraiti səbəbindən daha 46 xilasedicinin əraziyə göndərilməsi mümkün olmayıb. Axtarış işlərinə mürəkkəb relyef və dağdan qar karnizinin yenidən uçması da mane olur.
İşlərin sentyabrın 8-də səhər saatlarında bərpa edilməsi planlaşdırılır. Bununla belə, əməliyyatın başlanması hava şəraitindən asılı olacaq.
Qeyd edək ki, sentyabrın 6-da Miçirqi dağından Bezenqi dərəsinə uçqun düşüb və alpinistlərdən ibarət qrupu altında qoyub. Kabardin-Balkariya rəhbəri Kazbek Kokovun məlumatına görə, 11 turist həlak olub, 6 nəfərin taleyi məlum deyil, 6 yaralı xəstəxanaya yerləşdirilib, daha 10 nəfər isə ərazidən müstəqil şəkildə çıxıb.
21:48 07.09.2026
Oxunuş sayı: 60