Hindistan və Banqladeş qatar əlaqəsini bərpa edir
Hindistan və Banqladeş arasında dayandırılmış üç beynəlxalq sərnişin qatarının fəaliyyətinin gələn aydan bərpa edilməsi gündəmdədir.
Crossmedia.az xəbər verir ki, NDTV bu barədə məlumat yayıb.
Məsələ iki ölkənin dəmir yolu qurumlarının iştirakı ilə Dəkkədə keçirilən iki günlük Hökumətlərarası Dəmir Yolu Görüşündə (IGRM) müzakirə olunur. Bu, 2024-cü ildən bəri Hindistan və Banqladeş arasında dəmir yolu əlaqəsinin bərpasının ilk dəfə rəsmi şəkildə illik görüşün gündəliyinə daxil edilməsidir.
Söhbət Kolkata-Dəkkə marşrutu üzrə hərəkət edən “Maitree Express”, Kolkata-Xulna xəttində çalışan “Bandhan Express” və Qərbi Benqalın Yeni Jalpaiguri şəhəri ilə Dəkkə arasında fəaliyyət göstərən “Mitali Express” qatarlarından gedir.
Məlumata görə, görüşdə razılıq əldə olunarsa, üç beynəlxalq qatar gələn aydan etibarən fəaliyyətini bərpa edə bilər.
“Maitree Express” Kolkata ilə Dəkkəni birləşdirir. Təxminən 375-400 kilometrlik marşrutu 9 saata qət edən qatar Hindistandan Banqladeşə Gede-Darşana sərhədindən keçir.
“Bandhan Express” Kolkata-Xulna marşrutu üzrə hərəkət edir. Qatar 180 kilometrlik məsafəni təxminən 5 saat 30 dəqiqəyə qət edir və Petrapol-Benapol sərhəd keçidindən istifadə edir.
Həftədə iki dəfə hərəkət edən “Mitali Express” isə Yeni Jalpaiguri ilə Dəkkə Kantonu arasında əlaqə yaradır. 2021-ci ildə Hindistanın baş naziri Narendra Modi və Banqladeşin sabiq baş naziri Şeyx Hasina tərəfindən istifadəyə verilən qatar təxminən 600 kilometrlik məsafəni 11 saata qət edir.
2024-cü ildə Banqladeşdə baş verən iğtişaşlar zamanı “Mitali Express”in vaqon tərkibi beş aydan çox müddət ərzində ölkədə qalıb. Qatar iyulun 17-də Yeni Jalpaiguridən Dəkkəyə yola düşüb, lakin ölkədəki siyasi qeyri-sabitlik səbəbindən geri qayıda bilməyib.
Banqladeşdə təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Hindistan Dəmir Yolları üç beynəlxalq sərnişin qatarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. “Mitali Express”in vaqon tərkibi yalnız dekabr ayında gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə Qərbi Benqalın Kuç-Bihar rayonundakı Çilahati-Haldibari sərhədindən Hindistana qaytarılıb.
Yeni marşrut da təklif olunur
Banqladeş görüşdə Racşahi-Kolkata arasında yeni sərnişin qatarının istifadəyə verilməsini təklif etməyə hazırlaşır. Həmçinin Dəkkə-Kolkata “Maitree Express” qatarının hazırkı marşrut əvəzinə Padma körpüsündən keçməklə hərəkət etməsi təklif ediləcək.
Görüşün gündəliyində dəmir yolu ilə yükdaşımalar və Hindistanın kreditləri hesabına Banqladeşdə həyata keçirilən, lakin dayandırılmış layihələr də yer alır. Bunlara Dəkkədəki Kamalapur stansiyasından Qazipurun Joydebpur şəhərinədək iki yeni dəmir yolu xəttinin tikintisi daxildir.
Bundan əlavə, Hindistan Banqladeşə yeni sərnişin vaqonları tədarük edir. Pəncab əyalətindəki Kapurthala Dəmir Yolu Vaqon Zavodunda Banqladeş Dəmir Yolları üçün 19 LHB tipli geniş relsli sərnişin vaqonundan ibarət ilk qatar tərkibi hazırlanıb.
Ümumilikdə Banqladeş Hindistandan 200 geniş relsli sərnişin vaqonu alacaq. 915 milyon rupi dəyərində müqavilə üzrə tədarükün 2027-ci ilin dekabrına qədər tamamlanması planlaşdırılır. Layihə Avropa İnvestisiya Bankının maliyyəsi ilə həyata keçirilir və yeni vaqonların 2026-cı ilin iyunundan 2027-ci ilin dekabrına qədər köhnəlmiş Banqladeş Dəmir Yolları parkına əlavə edilməsi nəzərdə tutulur.
23:58 07.09.2026
Oxunuş sayı: 43