Kiyev sakinləri müharibənin ən ağır qışına hazırlaşır
Ukraynanın paytaxtı Kiyevdə elektrik enerjisinin kəsilməsi adi hala çevrilib, milyonlarla sakin isə müharibə dövrünün ən ağır qışına hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, şəhərdə elektrik təchizatındakı fasilələr səbəbindən binalarda suyun təzyiqi vaxtaşırı azalır, bəzi hallarda isə metro qatarları tunellərdə dayanır. Elektrik kəsintiləri fonunda sakinlərin əhval-ruhiyyəsi də pisləşir və şəhəri tərk etməyi düşünənlərin sayı artır.
Bu il Rusiya ordusu Ukraynanın şərqində cəbhədə ciddi çətinliklərlə üzləşir. Böyük itkilər hesabına cüzi irəliləyiş əldə edən Moskvanın strategiyasının isə Ukrayna şəhərlərinə qarşı hücumlara yönəldiyi bildirilir. Uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların məqsədinin əhalinin mənəvi müqavimətini zəiflətmək olduğu qeyd edilir.
Enerji Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Xarçenkonun sözlərinə görə, Kiyev bu il Rusiya hücumlarından daha çox zərər görür. Buna səbəb şəhərin enerji infrastrukturunun müharibə illərində ciddi zədələnməsidir. Onun bildirdiyinə görə, Rusiya ötən il də şəhərin elektrik enerjisi istehsal edən obyektlərinə uzunmüddətli ziyan vurub.
“Bu qış eyni ssenari üzrə keçəcək: elektrik kəsintiləri, təcili təmir işləri, bərpa və yenidən elektrik kəsintiləri”, – deyə Xarçenko bildirib.
Bununla belə, Rusiyanın intensivləşən hava hücumları hələlik Ukrayna cəmiyyətinin müqavimət əzmini qırmayıb. Sorğuların nəticələrinə əsasən, Kiyev sakinlərinin əksəriyyəti Rusiyanın qarşısını almaq üçün müharibənin çətinliklərinə lazım olduğu qədər dözməyə hazırdır.
Lakin insanların üzləşdiyi çətinliklər artır. Nisbətən təhlükəsiz ərazi tapmaq ümidi ilə Ukraynanın qərb bölgələrinə köçənlərin sayı da çoxalır.
Ukraynanın “LUN” daşınmaz əmlak platformasının məlumatına görə, Kiyevdə kirayə üçün təklif olunan boş mənzillərin sayı avqust ayından bəri təxminən üçdə iki artıb. Ölkənin qərbindəki şəhərlərdə isə əksinə, kirayə qiymətləri yüksəlir, boş mənzillərin sayı azalır.
17:44 25.10.2026
Oxunuş sayı: 56