Türkiyədə 455 mindən çox evin tikintisi ABŞ mediasında
Türkiyədə 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ABŞ mediasının diqqətini çəkib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin məlumatına görə, zəlzələlərdən sonra təxminən iki il ərzində 455 min 357 müstəqil bölmə, o cümlədən yaşayış evləri və digər obyektlər tikilib. Yenidənqurma prosesi ABŞ-ın “USA Today” və “Business Insider” nəşrlərinin materiallarında işıqlandırılıb.
Yayımlanan materiallarda yaşayış binaları ilə yanaşı, infrastrukturun, məktəblərin, ticarət obyektlərinin və tarixi şəhər mərkəzlərinin bərpasına da diqqət yetirilib.
“USA Today”in məlumatında zəlzələlərin Suriyada da ciddi dağıntılara səbəb olduğu, Türkiyədə isə təxminən 14 milyon insanın fəlakətdən birbaşa təsirləndiyi bildirilib.
Məlumata görə, ilk daimi yaşayış evlərinin təməli zəlzələlərdən 15 gün sonra qoyulub, ilk kənd evləri isə 45-ci gündə sakinlərə təhvil verilib.
Tikinti işlərinin ən intensiv dövründə 174 ərazidə yerləşən 3 481 tikinti sahəsində təxminən 200 min memar, mühəndis və inşaat işçisi çalışıb. İşlərin sürəti saatda 23, gündə isə 550 yaşayış evinin tikintisinə bərabər olub.
Malatyanın İkizcə, Adıyamandakı İndərə, Hataydakı Dikməcə və Kahramanmaraşdakı Altınova ərazilərində yeni yaşayış məntəqələrinin tikintisi paralel şəkildə aparılıb.
Nazirliyin “Yerində dönüşüm” proqramı çərçivəsində evlərini və iş yerlərini öz torpaq sahələrində yenidən tikmək istəyən vətəndaşlara da dəstək göstərilib.
İnfrastruktur və tarixi tikililər də bərpa olunur
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurumun koordinasiya etdiyi proqramın yalnız mənzil tikintisi ilə məhdudlaşmadığı vurğulanıb. Layihə şəhərlərin yenidən qurulmasını, iqtisadi və sosial həyatın canlandırılmasını, həmçinin yaşayış məntəqələrinin təbii fəlakətlərə davamlılığının artırılmasını hədəfləyir.
Zəlzələlər zamanı içməli su, kanalizasiya və yağış sularının axıdılması sistemlərinə də ziyan dəyib. Bu səbəbdən bölgədə təxminən 11 min kilometrlik ərazidə infrastruktur işləri aparılıb. Hatayda tarixi tikililərin bərpasına da xüsusi diqqət yetirilib.
“Business Insider” nəşri də ilk daimi evlərin təməlinin zəlzələdən 15 gün sonra qoyulduğunu, ilk kənd evlərinin isə 45-ci gündə təhvil verildiyini qeyd edib.
Nəşrin məlumatına görə, 27 dekabr 2025-ci ildə Hatayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və yüksək vəzifəli dövlət rəsmilərinin iştirakı ilə son mənzillərin təhvil verilməsi mərasimi keçirilib.
13:50 25.10.2026
Oxunuş sayı: 52