Ölümə 48 saat qalmış orqanizmdə hansı dəyişikliklər baş verir?
İnsan həyatının son mərhələsində orqanizmin həyati funksiyaları tədricən zəifləyir, yuxu müddəti artır, iştaha azalır, nəfəsalma və qan dövranında dəyişikliklər baş verir.
Crossmedia.az xəbər verir ki, bu barədə “UNİAN” Almaniyanın “Chip” nəşrinə istinadən məlumat yayıb.
Tibbdə ölüm prosesi şərti olaraq üç mərhələyə bölünür. İlk mərhələ aylarla, hətta illərlə davam edə bilər. Bu müddətdə xəstəlik irəliləyir, insan gündəlik işlərini müstəqil görməkdə çətinlik çəkir və daimi qulluğa ehtiyac duya bilər.
Terminal mərhələdə insanın vəziyyəti daha da ağırlaşır. O, gücdən düşür, diqqətini cəmləməkdə çətinlik çəkir, nəfəs darlığı yaşaya bilər. Vaxtının böyük hissəsini yataqda keçirən insanın immun sistemi də zəifləyir.
Bu mərhələdə müşahidə oluna bilən əlamətlərdən biri dərinin, xüsusilə burun və ağız ətrafının nəzərəçarpacaq dərəcədə solğunlaşmasıdır. Məqalədə bu görünüş “ölüm üçbucağı” adlandırılır. Lakin belə əlamətlər hər insanda müşahidə olunmur.
Həyatın son 48 saatında insan demək olar ki, danışmaya, vaxtının çoxunu yatmaqla keçirə bilər. Qidaya və mayeyə ehtiyac azalır, maddələr mübadiləsi yavaşlayır. Qan dövranı və nəfəsalmada dəyişikliklər yarana, dəri quruyaraq üzərində tünd ləkələr əmələ gələ bilər. Gözlər və yanaqlar da daha çökük görünə bilər.
Mütəxəssislərin qeyd etdiyi bu əlamətlər hər kəsdə eyni şəkildə təzahür etmir və onların əsasında ölümün dəqiq vaxtını müəyyənləşdirmək mümkün deyil. Prosesin gedişi insanın sağlamlıq vəziyyətindən və xəstəliyin xüsusiyyətlərindən asılıdır.
07:56 25.10.2026
Oxunuş sayı: 46