Börnhem Aİ ilə sərbəst hərəkəti müzakirəyə açıqdır
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin Avropa İttifaqı ilə sərbəst hərəkət sisteminə qayıtması ehtimalının açıq və faktlara əsaslanan müzakirəsini dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Börnhem “The Sunday Times” qəzetinə müsahibəsində Brüssellə münasibətlərin yenidən qurulmasını istədiyini deyib. O, bu proses çərçivəsində Avropa İttifaqına tam üzvlüyün və ya vahid bazara qoşulmağın da müzakirə oluna biləcəyini bildirib. Hər iki variant sərbəst hərəkət məsələsini gündəmə gətirə bilər.
Baş nazir vurğulayıb ki, bu mövzuda müzakirələr faktlara və sübutlara əsaslanmalıdır. Onun sözlərinə görə, Aİ üzvlüyü dövründə miqrasiya indiki vəziyyətdən fərqlənirdi: insanlar əsasən gənc yaşlarında Britaniyaya gəlir, bir neçə il işlədikdən sonra öz ölkələrinə qayıdırdılar. Börnhəm sərbəst hərəkət sisteminin ciddi çətinliklər yaratdığını da etiraf edib.
Börnhemin açıqlamaları müxalifət tərəfindən tənqid olunub. Mühafizəkarların kölgə daxili işlər naziri Kris Filp bildirib ki, 2016-cı il referendumunda Britaniya xalqı sərbəst hərəkətə son qoyulmasına səs verib və bu sistemə qayıdış mümkün olmamalıdır.
“Reform UK” partiyasının lideri Naycel Faraj isə baş nazirin mövqeyini Brexit tərəfdarlarına xəyanət kimi qiymətləndirib. O, Britaniyanın Aİ üzvü olduğu dövrdə miqrasiyanın fərqli olması barədə fikirlərlə razılaşmadığını bildirib.
Börnhem daha əvvəl Leyboristlər Partiyasının 2024-cü il seçki proqramına sadiq olduğunu açıqlamışdı. Həmin proqram sərbəst hərəkətin bərpasını, vahid bazara üzvlüyü və gömrük ittifaqına qoşulmağı istisna edirdi.
Baş nazir fundamental dəyişikliklərin yalnız ümumi seçkilərdə seçicilərin mandatı ilə həyata keçirilə biləcəyini bildirib. Növbəti ümumi seçkilər ən gec 2029-cu ilədək keçirilməlidir.
Avropa ilə münasibətlərin yenilənməsi gündəmdədir
Börnhem sentyabrda “BBC”yə müsahibəsində Britaniyanın Avropa İttifaqına yenidən qoşulması istiqamətində “sonadək gedə” biləcəyini demişdi. Bununla belə, son açıqlamasında avronun tətbiqini və Şengen zonasına qoşulmağı heç vaxt tövsiyə edəcəyini düşünmədiyini vurğulayıb.
Şengen sazişi Avropa ölkələri arasında daxili sərhədlərdə pasport nəzarəti olmadan səyahətə imkan verir. Britaniya Aİ üzvü olduğu dövrdə funt sterlinqdən imtina etməmişdi.
Börnhemin açıqlamaları noyabrın 20-də Brüsseldə keçiriləcək Aİ-Böyük Britaniya sammiti ərəfəsində səsləndirilib. Görüşdə tərəflərin münasibətlərin yenilənməsi üçün mümkün variantları müzakirə etməsi gözlənilir.
Qeyd edək ki, Börnhem iyun ayında keçirilən əlavə seçkilərdə Makerfild dairəsindən parlamentə seçilib, növbəti ay isə baş nazir olub. Həmin dairənin seçiciləri 2016-cı ildə Britaniyanın Aİ-dən çıxmasının lehinə səs vermişdilər. Börnhem seçki kampaniyası zamanı Brexit mübahisələrini yenidən gündəmə gətirməyəcəyini və Aİ-yə qayıdışı təklif etmədiyini bildirmişdi.
13:56 25.10.2026
Oxunuş sayı: 57