İsrailin daxili sarsıntısı: Regionda yeni geosiyasi hesablaşma başlayır
İsraildə hakim koalisiyanın Knessetin buraxılması ilə bağlı qanun layihəsi təqdim etməsi ölkənin siyasi tarixində növbəti hökumət böhranı olmaqla yanaşı, Yaxın Şərqdə formalaşan yeni geosiyasi balans baxımından da mühüm hadisə hesab olunur. Xüsusilə prosesin Baş nazir Benjamin Netanyahu hökumətinin ən həssas mərhələsində baş verməsi bu hadisəni adi parlament prosedurundan çıxararaq regional təhlükəsizlik məsələsinə çevirir.
Hazırkı vəziyyətin əsas səbəbi ultraortodoks yəhudi partiyaları ilə hökumət arasında hərbi xidmət məsələsi ətrafında yaranmış ciddi fikir ayrılığıdır. İsrail Ali Məhkəməsinin ultraortodoksların hərbi xidmətdən azad olunması ilə bağlı mövqeyi koalisiya daxilində parçalanmanı sürətləndirib. Koalisiyanın parlamentin buraxılması təşəbbüsünü özü irəli sürməsi isə göstərir ki, Netanyahu siyasi gündəmi tamamilə itirmək istəmir və prosesi nəzarət altında saxlamağa çalışır.
Lakin məsələ yalnız hərbi xidmət və ya koalisiya böhranı ilə məhdudlaşmır. İsraildə baş verən proses əslində dövlətin ideoloji əsasları üzərində gedən dərin qarşıdurmanın yeni mərhələsidir. Son illərdə İsrail cəmiyyətində siyasi, dini, etnik və sosial parçalanmalar o qədər dərinləşib ki, artıq ölkə daxilində “iki fərqli İsrail” anlayışı barədə açıq müzakirələr aparılır.
Bir tərəfdə daha dünyəvi, liberal, Qərbyönümlü, texnologiya və iqtisadiyyat əsaslı dövlət modelini müdafiə edən qüvvələr dayanır. Bu düşərgəyə əsasən Tel-Əviv mərkəzli dünyəvi orta sinif, texnologiya sektoru, akademik dairələr, liberal media və təhlükəsizlik elitasının bir hissəsi daxildir. Digər tərəfdə isə dini-mühafizəkar, millətçi və təhlükəsizlik yönümlü İsrail modeli dayanır. Bu düşərgənin əsas sosial bazasını ultraortodoks yəhudilər, radikal sağçı partiyalar, məskunlaşma siyasətini dəstəkləyən qruplar və milli-dini çevrələr təşkil edir.
Əslində bu qarşıdurmanın kökləri İsrail dövlətinin yaranma mərhələsinə qədər gedib çıxır. 1948-ci ildə İsrail qurularkən ölkənin ilk Baş naziri David Ben-Gurion dünyəvi və sosialist yönümlü dövlət modeli formalaşdırmağa çalışırdı. Həmin dövrdə ultraortodoks yəhudi qrupları ilə müəyyən kompromis əldə olunmuşdu. Bu kompromisə əsasən dini təhsil alan ultraortodoks tələbələr hərbi xidmətdən azad edilirdi. O zaman bu güzəşt cəmiyyətin kiçik bir hissəsinə aid idi. Lakin son onilliklərdə ultraortodoks icmanın sürətlə artması həmin məsələni ciddi siyasi böhrana çevirib.
Bu gün İsrail cəmiyyətində əsas narazılıqlardan biri məhz budur: dünyəvi israillilər hesab edir ki, ölkənin təhlükəsizlik və iqtisadi yükünü əsasən onlar daşıyır, ultraortodoks icma isə həm hərbi xidmətdən yayınır, həm də dövlət subsidiyalarından geniş şəkildə yararlanır. Bu məsələ xüsusilə Qəzza müharibəsindən sonra daha emosional xarakter alıb. Çünki uzunmüddətli müharibə israilli gənclər arasında ciddi sosial və psixoloji gərginlik yaradıb.
Netanyahu hökumətinin hazırkı koalisiyası isə məhz ultraortodoks və radikal sağçı qüvvələrin dəstəyi üzərində qurulub. Bu səbəbdən baş nazir bir tərəfdən dünyəvi elektoratın təzyiqi, digər tərəfdən isə dini partiyaların tələbləri arasında balans saxlamağa çalışır. Məhz bu balansın pozulması hazırkı böhranın əsas səbəblərindən biridir.
Digər mühüm qarşıdurma xətti məhkəmə-hökumət münasibətlərində ortaya çıxır. Netanyahu hökumətinin son illərdə həyata keçirməyə çalışdığı məhkəmə islahatları İsraildə görünməmiş etirazlara səbəb olmuşdu. Hökumət Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmaq istəyirdi. Netanyahu və onu dəstəkləyən sağçı düşərgə hesab edir ki, İsrail məhkəmə sistemi liberal elitanın nəzarətindədir və seçilmiş hökumətlərin fəaliyyətinə mane olur. Müxalifət isə bunu demokratiyanın zəiflədilməsi və avtoritar meyllərin güclənməsi kimi qiymətləndirirdi.
2023-cü ildə başlayan kütləvi etirazlar əslində İsrail daxilindəki ideoloji parçalanmanın açıq nümayişi idi. Küçələrdə yüz minlərlə insan hökumətə qarşı çıxırdı. Etirazlara keçmiş hərbçilər, təhlükəsizlik rəsmiləri, texnologiya şirkətləri və ehtiyatda olan pilotlar da qoşulmuşdu. Bu isə göstərirdi ki, qarşıdurma artıq təkcə siyasi partiyalar arasında deyil, dövlət institutlarının daxilində də formalaşıb.
Burada diqqət çəkən digər məqam İsrailin demoqrafik transformasiyasıdır. Son illərdə ultraortodoks və milli-dini əhalinin sayının sürətlə artması ölkənin siyasi xəritəsini dəyişdirir. Daha gənc və daha dini seçici bazası sağçı partiyaların mövqeyini gücləndirir. Bu isə İsrail siyasətində kompromis imkanlarını zəiflədir və daha sərt ideoloji xəttin ön plana çıxmasına səbəb olur.
Eyni zamanda, İsrail daxilində ərəb əhalinin rolu da ayrıca müzakirə mövzusudur. İsrail vətəndaşı olan ərəblər uzun müddətdir sosial bərabərsizlik, siyasi təmsilçilik və təhlükəsizlik siyasəti ilə bağlı narazılıqlar yaşayırlar. Qəzza müharibəsi və regional gərginliklər fonunda bu daxili sosial xətt daha da həssas xarakter almağa başlayıb.
Baş verənlər əslində İsrailin son illərdə davam edən siyasi qeyri-sabitliyinin yeni mərhələsidir. 2019–2022-ci illərdə İsraildə ardıcıl seçkilər və hökumət böhranları yaşanmışdı. İndi isə Qəzza müharibəsi, İranla gərginlik, Livan cəbhəsi və daxili sosial parçalanma fonunda yeni seçki ehtimalı regional siyasətə birbaşa təsir edə bilər. Belə bir mərhələdə hökumət böhranı İsrailin strateji qərarvermə sistemini zəiflədə bilər.
Əslində İsrail tarixində təhlükəsizlik böhranları dövründə daxili siyasi parçalanmalar yeni deyil. Lakin mövcud vəziyyət əvvəlkilərdən daha mürəkkəbdir. Çünki bu dəfə söhbət təkcə hökumət dəyişikliyindən yox, İsrail dövlət modelinin daxilində yaranan ideoloji qarşıdurmadan gedir.
Regional siyasət baxımından mümkün təsirləri bir neçə istiqamətdə qiymətləndirmək olar.
Birincisi, İsrailin təhlükəsizlik strategiyasında müvəqqəti “siyasi ehtiyatlılıq” mərhələsi yarana bilər. Seçkiyə gedən hökumətlər adətən böyük geosiyasi risklərdən qaçmağa çalışırlar. Netanyahu hökuməti hazırda həm Qəzza əməliyyatlarını, həm də İran ətrafında formalaşan regional gərginliyi idarə edir. Parlamentin buraxılması və seçki kampaniyasının başlanması qərarvermə mexanizmini zəiflədə, hərbi əməliyyatların intensivliyinə təsir göstərə bilər.
Ancaq burada paradoksal məqam da var. Netanyahu siyasi baxımdan zəiflədiyi dövrlərdə təhlükəsizlik ritorikasını sərtləşdirən lider kimi tanınır. Buna görə də daxili siyasi böhran fonunda hökumətin regionda daha sərt və nümayişkaranə addımlar atmaq ehtimalı da yüksəkdir. Xüsusilə İranın nüvə proqramı, Hezbollah infrastrukturu və Qəzza məsələsində sərt ritorikanın artması mümkündür.
Bu vəziyyət regional aktorlar tərəfindən də diqqətlə izlənilir. İran üçün İsraildə siyasi qeyri-sabitlik strateji fürsət kimi görünə bilər. Tehran uzun müddətdir İsrail daxilində sosial və siyasi parçalanmanın dərinləşməsini özünün dolayı strateji üstünlüklərindən biri hesab edir. Bu səbəbdən İsrail daxilində yaranan hökumət böhranı İranın regional təsir alətlərini daha aktivləşdirməsinə səbəb ola bilər.
İran və “müqavimət oxu” adlandırılan qüvvələr İsraildəki siyasi qeyri-müəyyənliyi fürsət kimi qiymətləndirə bilər. Xüsusilə Hamas, Hizbullah və regional şiə silahlı qrupları İsrail daxilində siyasi parçalanmanın təhlükəsizlik sisteminə təsirini diqqətlə izləyirlər. Bu baxımdan parlament böhranı regiondakı qarşıdurma aktorlarını daha aktiv davranmağa təşviq edə bilər.
Digər mühüm istiqamət ABŞ-İsrail münasibətləridir. Vaşinqton hazırda Yaxın Şərqdə genişmiqyaslı regional müharibənin qarşısını almağa çalışır. ABŞ administrasiyası Netanyahu hökumətinin bəzi addımlarına artıq açıq şəkildə narazılıq nümayiş etdirir. Seçki prosesi başladıqdan sonra isə Netanyahu ABŞ təzyiqlərini daxili siyasətdə “xarici müdaxilə” kimi təqdim etməyə çalışa bilər. Bu isə iki müttəfiq arasında taktiki gərginliyi daha da artırar.
Bunun fonunda ərəb dövlətləri ilə münasibətlər də qeyri-müəyyən mərhələyə daxil olur. Xüsusilə Səudiyyə Ərəbistanı ilə normallaşma perspektivi yeni hökumətin tərkibindən ciddi şəkildə asılı olacaq. Əgər gələcək koalisiyada daha sərt sağçı qüvvələr dominant olarsa, İsrail-ərəb normallaşması prosesində ləngimə baş verə bilər. Əksinə, daha mərkəzçi və praqmatik hökumət formalaşarsa, Vaşinqtonun dəstəyi ilə yeni diplomatik mərhələ başlaya bilər.
Digər tərəfdən, İsrail daxilində hökumət böhranı ölkənin beynəlxalq imicinə də təsir edir. Qəzza müharibəsi fonunda artıq ciddi beynəlxalq tənqid altında olan İsrailin siyasi qeyri-sabitlik yaşaması onun diplomatik manevr imkanlarını məhdudlaşdıra bilər. Xüsusilə Avropa dövlətlərində İsrail hökumətinə münasibətdə skeptik yanaşmalar daha da güclənə bilər.
Ancaq bütün bunlarla yanaşı, İsrailin əsas strateji doktrinasının dəyişməsi ehtimalı zəifdir. Çünki İranın qarşısının alınması, ABŞ ilə strateji ittifaqın qorunması, hərbi üstünlüyün saxlanılması və regional təhlükəsizlik arxitekturasında dominant rol İsrail dövlət siyasətinin dəyişməyən sütunları hesab olunur. Dəyişə biləcək məsələ bu strategiyanın tətbiq forması, diplomatik dili və regional taktiki davranış modelidir. Qarşıdakı dövrdə isə İsrailin regional siyasəti daha emosional, daha təhlükəsizlikyönümlü və daxili siyasi rəqabətin təsiri altında formalaşa bilər. Bu isə onsuz da kövrək olan Yaxın Şərq təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirəcək.
12:11 14.05.2026
Oxunuş sayı: 68
Vüqar Zifəroğlu
Cross Media Təhlil Mərkəzinin analitiki, Yaxın Şərq məsələləri üzrə ekspert