İctimai TV-yə kim rəhbərlik edəcək? - namizədlərdən ilk mesajlar
Azərbaycan media məkanında son günlərin ən çox müzakirə olunan məsələlərindən biri İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsi uğrunda başlayan rəqabətdir.
Audiovizual Şura tərəfindən elan edilən müsabiqəyə ümumilikdə 11 nəfərin namizədliyi qeydə alınıb ki, bu da ictimai yayım qurumunun gələcək idarəçiliyi ilə bağlı marağı daha da artırıb.
Namizədlər arasında hazırkı baş direktor Balakişi Qasımov ilə yanaşı, televiziya, media və idarəçilik sahəsində fəaliyyət göstərən bir sıra tanınmış şəxslərin də adı yer alır. Siyahıda Ayxan Əhmədov, Tural Əzimov, Tural Məmmədzadə, Arzu Qulamov, İlhamə Baxşıyeva, Fikrət Məmmədov, Taleh Şahsuvarov, Anar Nağıyev, İlahə Əliyeva və Əli Cəfərovun adları qeyd olunur.
Mütəxəssislərin fikrincə, qarşıdakı seçim təkcə yeni rəhbərin müəyyənləşdirilməsi deyil, eyni zamanda İTV-nin gələcək yayım siyasəti, rəqəmsal transformasiya strategiyası və ictimai televiziya modelinin inkişaf istiqamətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Son illərdə televiziya sektorunda artan rəqabət, sosial medianın təsiri və auditoriya tələblərinin dəyişməsi fonunda yeni rəhbərlikdən gözləntilər də kifayət qədər böyükdür.
Bu səbəbdən İTV baş direktorluğu uğrunda yarışan 11 namizəd ətrafında yaranan müzakirələr media gündəminin əsas mövzularından birinə çevrilib.
Bəs maraqlıdır namizəd olan şəxslərin özünün məsələyə münasibəti necədir?
Məsələ ilə bağlı namizədlərdən Taleh Şahsuvarov ictimai yayım xidmətinin baş direktorunun müəyyənləşdirilməsi üçün təşkil olunan müsabiqə ölkəmizin inkişaf tendensiyaları baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib:

"Mən bu prosesə keyfiyyətli ictimai yayım modelinin gücləndirilməsi, peşəkar jurnalistikanın və ictimai etimadın bərpasına töhfə vermək niyyəti ilə qatılmışam.
Hesab edirəm ki, İTV dövlətimizin gələcək nəsillər qarşısındakı məsuliyyəti ilə ictimai pluralizmi öz ekranında birləşdirməli, cəmiyyətin bütün təbəqələrinin özünü ifadə edə bildiyi nüfuzlu platformaya çevrilməlidir.
Bu baxımdan, seçki prosesinin şəffaf, rəqabətli və institusional prinsiplər əsasında aparılması xüsusi önəm daşıyır.
Prosesin gedişatı ilə bağlı bu ana qədər heç bir ciddi nöqsan müşahidə etməmişəm. Sadəcə, yaxşı olardı ki, seçkilərin keçirilməsinə məsul olan Yayım Şurası İTV-nin yenidən namizəd olmuş hazırkı baş direktoru ilə debatımızı təşkil etsin. Bütün namizədlərə uğurlar arzulayıram".
Elmir Heydərli
11:13 14.05.2026
Oxunuş sayı: 54