İran döyüş hazırlığını artırdı - regionda nə baş verir?
Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında artan gərginlik regionda təhlükəsizlik balansını ciddi şəkildə dəyişməkdədir. Son aylarda baş verən hərbi toqquşmalar, qarşılıqlı raket hücumları və strateji bölgələrdə yaşanan böhran artıq lokal münaqişə çərçivəsini aşaraq, beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
Xüsusilə, İran rəhbərliyinin silahlı qüvvələrin döyüş hazırlığının artırılması ilə bağlı verdiyi yeni göstərişlər vəziyyətin daha da həssas xarakter aldığını göstərir.
Məlumata görə, İranın ali rəhbərliyi ABŞ və İsrailin mümkün addımlarına qarşı hazırlıq səviyyəsinin gücləndirilməsini prioritet hesab edir.
Regionda davam edən qarşıdurmalar, Hörmüz boğazı ətrafında yaranan gərginlik və tərəflər arasında nəticəsiz qalan danışıqlar isə qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
Ekspertlər hesab edirlər ki, hazırkı proseslər Yaxın Şərqdə daha genişmiqyaslı geosiyasi qarşıdurma riskini gündəmdə saxlayır.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İran həmişə öz döyüş hazırlığını yüksək səviyyədə saxlamağa çalışır. Çünki tərəflər arasında rəsmi, hüquqi qüvvəyə malik atəşkəs razılaşması mövcud deyil, vəziyyət daha çox şifahi anlaşmalar və qeyri-müəyyən gərginlik fonunda davam edir.
ABŞ-nin İran ətrafında hərbi qüvvələrini artırması və İsrailin də müdafiə və hərbi imkanlarını gücləndirməsi regionda təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirib. Bu səbəbdən İranın son qərarlarının da məhz bu geosiyasi gərginlik fonunda formalaşdığı bildirilir.
İran tərəfinin ABŞ-nin təkliflərinə cavab verdiyi, lakin hər iki tərəfin mövqelərində ciddi fərqlərin olduğu qeyd olunur. Görünən odur ki, Tehran öz şərtlərində israrlıdır və qarşı tərəfin təkliflərini tam şəkildə qəbul etmir. Bu isə danışıqlar prosesinin mürəkkəb və qeyri-müəyyən qalmasına səbəb olur.
Mövcud vəziyyət lokal hərbi toqquşmaların baş verməsi ehtimalını da gündəmdə saxlayır. İran rəsmiləri isə daim “hazır vəziyyətdə olduqlarını” və təhlükəsizlik məsələlərində yüksək diqqət göstərdiklərini vurğulayırlar. Bildirilir ki, ölkənin ali rəhbərliyi bütün strateji və hərbi proseslərə birbaşa nəzarət edir.
Ümumi mənzərəyə baxdıqda, genişmiqyaslı müharibə ehtimalı hələ ki, az qiymətləndirilsə də, regionda lokal gərginliklərin və toqquşmaların baş verməsi istisna edilmir".
Elmir Heydərli
13:40 14.05.2026
Oxunuş sayı: 52