Bu ixtisaslar üzrə tədris proqramları yenilənib
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata görə, proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla təhsilin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.
Mərkəz tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon ixtisasları üzrə tədris proqramları hazırlanıb. Prosesin davamı olaraq xor, vokal və balaban sinifləri üçün tədris proqramları müasir tələblərə uyğunlaşdırılaraq yenilənib.
Mütəxəssislərin fikrincə, yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində tədris prosesinin səmərəliliyinin artırılması, təhsilin təşkili və mərhələli inkişafı, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

13:32 14.05.2026
Oxunuş sayı: 37