Rüfət Quliyev: “Xarici borcu azaldaraq onu daxili borcla əvəzləməyə çalışırıq”
Qlobal maliyyə arxitekturasının kəskin borc böhranı və inflyasiya təzyiqləri altında sınağa çəkildiyi bir dövrdə, makroiqtisadi sabitliyi qorumaq və gələcək nəsillərin maliyyə müstəqilliyini təmin etmək hər bir dövlət üçün strateji sınağa çevrilib. Dünyanın aparıcı maliyyə institutlarının təhlilləri və beynəlxalq investisiya mühitinin reallıqları aydın göstərir ki, Azərbaycan bu gün borc göstəricisini — xüsusilə xarici dövlət borcunu tarixi minimuma endirmək bacarığı ilə qlobal xəritədə xüsusi bir etibarlılıq adasına çevrilməkdədir.
Bu mənzərə təsadüfi uğur deyil; xarici borcun daxili resurslarla əvəzlənməsi, strateji valyuta ehtiyatlarının xarici öhdəlikləri dəfələrlə üstələməsi və azad olunmuş ərazilərin bərpası kimi meqalayihələrin borclanmadan idarə edilməsi uzaqgörən maliyyə konseptinin nəticəsidir. Belə bir möhkəm makroiqtisadi bünövrə — Türkmənistan qazının Transxəzər marşrutu ilə Avropaya nəqlindən tutmuş Ələt Azad İqtisadi Zonasına və "Sea Breeze" kimi iri developer layihələrinə qədər — ölkəmizi xarici kapital və yeni texnologiyalar üçün əvəzsiz bir "yaşıl işıq" məkanına çevirir. Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış deputatı (III, IV, V, VI), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a geniş açıqlama verib.

"Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankının regional rəhbərinin - Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Simone Prycenin Azərbaycan iqtisadiyyatı barəsində dediyi sözlər həqiqətən də doğrudur və mənzərəni tam açıq formada göstərir: həm inkişafı, həm maliyyə vəziyyətini, həm də gələcəyi...
Baxın, üçüncü məsələ — gələcək bizim üçün çox vacibdir. Bunun üçün də qlobal maliyyə və iqtisadi qurumların sözləri, proqnozları, təklifləri və fikirləri böyük əhəmiyyət kəsb edir. İlk öncə onu qeyd etmək istəyirəm ki, bu, dünyadakı aparıcı investorlar üçün bir işıqfor rolunu oynayır. Onlarda böyük arxayınlıq yaradır və bu obyekiv fikirlərdən, proqnozlardan sonra gələcəyə doğru addım atmaq üçün kifayət qədər geniş imkanlar açır.
Makroiqtisadi göstəricilər üçün en vacib məqam iqtisadi və maliyyə sabitliyidir. Bu, çox önəmli məsələdir. Əfsuslar olsun ki, pandemiyadan sonra və elə pandemiya dövründə yaranan problemlər bu gün də dünyanın əksər ölkələrinə böyük iqtisadi-maliyyə çətinlikləri yaşadır, onları tənəzzülə vadar edir və çoxları bundan əziyyət çəkir. Təbii ki, biz "əziyyət" deyəndə iqtisadiyyatı nəzərdə tutmuruq — iqtisadiyyat öz-özlüyündə yaranmır, insanlar üçün, onların inkişafı və maliyyə durumunun yüksəlməsi üçün yaranır. Bu da mənim bir fikrimdir, bunu bölüşmək istərdim.
İkinci məsələ siyasi sabitlikdir. Ən bariz məqam isə Azərbaycanın beynəlxalq arenada beynəlxalq hüquq normalarına uyğun olaraq atdığı adekvat addımlardır. Bütün dünyada proqnozlaşdırılan, planlaşdırılan və anlaşılan beynəlxalq addımlar atan ölkələr daha çox gücə və inama malik olurlar.
Daha bir mühüm məsələ dövlət borcudur — bu, dünya iqtisadiyyatının ən böyük problemidir. BMT-də qeydiyyatdan keçmiş 193 ölkə və digər qurumlar var. Bu dövlətlərin hamısının bu və ya digər formada dövlət borcu mövcuddur. Bəli, bu sırada inkişaf etmiş ölkələr yer alır. Başda ABŞ olmaqla, bəzilərinin dövlət borcu artıq 40 trilyon dolları keçib və Amerikada bu borc demək olar ki, hər il təxminən 1 trilyon dollar artır. Yaponiya ÜDM-ə nisbətdə təxminən 250%-ə qədər, Sinqapur 180%, ABŞ isə qeyd etdiyimiz kimi 130%-dən yuxarı göstəricilərlə bu sıradadır. İtaliyada borc 140%-ə yaxınlaşır, Yunanıstanda isə 142%-i keçib. Bütün bunlar göstərir ki, hələlik bu ölkələrin dövlət borcunu idarə etməyə gücləri çatır. Düzdür, burada Amerika xüsusi yer tutur, dünyada ən böyük güc olduğu üçün ona baxış fərqlidir. Lakin digər ölkələr üçün artıq böyük problemlər yaranır. Hətta inkişaf etmiş ölkələrin özündə belə bu məsələdə çətinliklər var, hərçənd nisbi formada bu problemləri həll etməyə hələlik gücləri çatır".
Rüfət Quliyev xüsusi faktları da vurğulayıb:
"Qeyd etmək istəyirəm ki, qlobal dövlət borcu haqqında rəsmi mənbələrdən mənbəyə fərqli rəqəmlər verilir — ÜDM-ə nisbətdə 98%-dən 120%-ə qədər müxtəlif göstəricilər var. Təbii ki, burada səslənən bütün rəqəmlər nominal ifadədədir, reallığı tapmaq üçün inflasiyanı nəzərə almaq lazımdır. Bunun üçün ÜDM təhlil edilərkən deflyatordan istifadə olunur. Belə bir termin var: deflyator. Deflyator nominal göstərici ilə real göstərici arasındaki fərqi, yəni inflyasiya təsirini göstərir.
Niyə dövlət borcu belə qorxuludur? En böyük problem bu borcun idarə olunması və maliyyə öhdəlikləri üzrə faiz ödənişləridir. Məsələn, Amerikanın özündə dövlət borcu hər il 1 trilyon artır. Baxmayaraq ki, Amerikada birjalar və maliyyə bazarı inkişaf edib, bu vəziyyət müəyyən təzyiq yaradır. Hətta bir çox ölkələr bu borcların gələcəkdə ödənilməyəcəyini bildirərək imtina edirlər. Lakin əsas ödənişlər — faiz ödənişləri həqiqətən böyük problemlər yaradır.
Dünyanın ən nüfuzlu maliyyə-iqtisadi qurumlarının ekspertlərinin həmişə misal gətirdiyi bir həqiqət var: Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə ən aşağı göstəriciyə malik ölkələr sırasındadır. Bu, çox müsbət qiymətləndirilir. Azərbaycan barəsində danışarkən qeyd etmək istərdim ki, Maliyyə Nazirliyinin 2025–2026-cı illər üzrə rəsmi hesabatlarına görə, ölkənin ümumi dövlət borcu 20%-dən aşağıdır - təxminən 18,4% – 18,7% civarında. Üstəlik, bu göstərici aşağı düşmək tendensiyasını davam etdirir.
Azərbaycan iqtisadiyyatında ən maraqlı məqam odur ki, biz xarici borcu azaldaraq onu daxili borcla əvəzləməyə çalışırıq. Bu, tamamilə normal makroiqtisadi siyasətdir. Çünki istənilən ölkə iqtisadiyyatı üçün ən böyük riski xarici borc yaradır — asılılığı artırır, milli valyutanın zəifləməsinə gətirib çıxarır və iqtisadi-maliyyə tənəzzülünə səbəb ola bilir. Azərbaycanda isə xarici borc tarixi minimuma enərək təxminən 6%-ə düşüb. Bu da bizi dünyada ən az xarici borcu olan ölkələr sırasına daxil edir.
Eyni zamanda, kifayət qədər strateji qızıl və valyuta ehtiyatlarımız mövcuddur. 2026-cı ilin hesabatlarına görə, bu ehtiyatlar artıq 90 milyard dolları keçib. Bu, Azərbaycanın xarici dövlət borcundan təxminən 20 dəfə çoxdur. Beynəlxalq ekspertlərin də qeyd etdiyi digər maraqlı məqam odur ki, Azərbaycan istəsə bir günün içində bütün xarici borcunu tam bağlaya bilər. İkinci məsələ isə budur: hazırda azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və inkişaf proqramının maliyyə konsepsiyası elə qurulub ki, borc siyasətinə təsir göstərməsin. Biz çalışırıq ki, bu proses nə ümumi, nə də xarici dövlət borcunun artmasına gətirib çıxarmasın.
Ümumiyyətlə, dövlət borcundan danışarkən onun yaranma səbəblərini qeyd etmək lazımdır. Tarixin dərinliklərinə çox getmək istəmirəm, lakin dövlət borclarının kökü orta əsrlərdən də əvvəl aparılan müharibələrə və düzgün idarə olunmayan iqtisadi-maliyyə siyasətinə söykənir. Müharibələr zamanı izafi xərclər yarandığı üçün dövlətlər borclanmağa məcbur olurdular. Müqayisə etsək, bu gün də analoji proseslər gedir. Baxın, ən çox borc harada yaranır? Aktiv şəkildə müharibə aparan, öz hüdudlarından uzaqda hərbi əməliyyatlara və ya hərbi sənayenin inkişafına həddindən artıq vəsait ayıran dövlətlərdə".
İqtisadçı-alim azad bazar iqtisadiyyatının inkişafına da diqqət çəkib.
"Başqa bir məqam isə odur ki, son 70-80 ildə istənilən ölkənin iqtisadi inkişafı XVII–XIX əsrlərdəki kimi yalnız azad bazar iqtisadiyyatının daxili resursları hesabına gedə bilməz. Bunun üçün xüsusi investisiya, yatırım siyasəti və əlverişli şərait lazımdır. Yalnız daxili və xarici investisiya cəlb edən dövlətlərdə ÜDM-in və iqtisadiyyatın davamlı artımına nail olmaq mümkündür. Hətta müəyyən iqtisadi düsturlar və göstəricilər var ki, ölkəyə daxil olan investisiyaların həcmi artdıqca ÜDM-in də paralel olaraq artdığını sübut edir. Ona görə də bütün dövlətlər xarici investisiya axınını artırmaq üçün şərait yaratmağa çalışırlar. İnvestisiya təkcə kapital deyil, həm də texnologiya deməkdir. Texnologiya isə istənilən ölkə üçün — istər ABŞ, istər Çin, istərsə də Yaponiya üçün həyati əhəmiyyət kəsb edir.
Məqsəd üçün bir neçə ölkəni misal çəkmək istərdim. Qeyd etdiyimiz kimi, Azərbaycan dünyada ən az dövlət borcu olan 20-25 ölkə arasındadır. Bu sırada olan digər ölkələr barədə də bəzi maraqlı məlumatları diqqətinizə çatdırım:
Lixtenşteyn: Minimum dövlət borcuna malikdir, göstərici 1%-dən də aşağıdır.
Makao: Praktik olaraq borcu sıfıra yaxındır, gəlirləri əsasən kazino və turizm sektoruna söykənir.
Brunei: Təxminən 1.5%.
Türkmənistan: Təxminən 4%.

Əfqanıstan: Məlum siyasi və iqtisadi duruma görə xarici kapital üçün cəlbedici deyil.
Küveyt: 8–14% civarında.
Honq Konq: Təxminən 12%.
Rusiya: 18.5% civarında.
Səudiyyə Ərəbistanı: 21–22%.
Bu rəqəmləri misal çəkməkdə məqsədim qlobal maliyyə sistemindəki makroiqtisadi mənzərəni göstərməkdir. Ən mühüm məqam odur ki, borcun az olması gələcək nəsillərin üzərinə yük qoymur və gənc nəslin arxayın şəkildə öz gələcəyini qurmasına imkan yaradır. Bu, Azərbaycan üçün də çox vacib faktordur.
Digər məsələ Azərbaycanda gedən quruculuq və strateji inkişaf layihələridir. Aparıcı maliyyə qurumlarının rəhbərləri də bunu xüsusi vurğulayırlar. Ölkəmizdə kifayət qədər transmilli infrastruktur — dəmir yolları, neft-qaz kəmərləri, elektrik və enerji şəbəkələri qurulub. Bu, Azərbaycanın gələcək valyuta gəlirləri üçün həlledici sektordur. Məsələn, Türkmənistanla artıq dövlət başçıları səviyyəsində razılaşmamız var; texniki tərəfdən asan həyata keçirilə bilən layihə hazırdır. Transxəzər sualtı qaz boru kəməri vasitəsilə dünya üzrə zəngin qaz ehtiyatlarına malik Türkmənistanın qazı Azərbaycana, buradan isə Azərbaycan qazı ilə birlikdə xaricə — xüsusən də Avropa bazarına ixrac olunacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, 2027-ci ilə qədər bu nəql həcmini 25–26 milyard kubmetrə çatdırmaq hədəflənib".
Professor ölkəmizdə icra olunan digər layihələrə də diqqət çəkib.
"Təbii ki, Azərbaycanda digər nəhəng layihələr də icra olunur. Onlardan üçünü xüsusi qeyd etmək istərdim:
İşğaldan azad olunmuş torpaqlarda gedən quruculuq işləri: Bu, Azərbaycan üçün prioritet xarakter daşıyan meqalayihədir. Qarabağ və Şərqi Zəngəzur regionlarına artıq on milyardlarla vəsait yönəldilib və bundan sonra da yatırılacaq.
Ələt Azad İqtisadi Zonası: Azərbaycanın dünya bazarına inteqrasiyasını sürətləndirən vacib layihədir. Düşünürəm ki, növbəti 5 ildə bu zonanın Azərbaycan iqtisadiyyatına — gəlirlərə, yeni texnologiyalara və iş yerlərinin açılmasına təsiri daha da artacaq.
Sea Breeze layihəsi: Xəzər sahilində salınan yeni elit şəhər kompleksi. Bir çox ölkələrdə olmuş biri kimi deyə bilərəm ki, bu layihə Azərbaycanın vizit kartına çevrilir.
Təbii ki, bu möhtəşəm layihənin rəhbəri böyük biznesmen, istedadlı müğənni, xalq artisti Emin Ağalarovdur.
Onun təşkiatçılığı ilə ərazidəki müasir otellər, residence kompleksi və sosial infrastruktur xarici investorların və imkanlı şəxslərin böyük marağına səbəb olur.
Sonda "Sea Breeze" layihəsindən danışarkən orada fəal iştirak edən tanınmış iş adamı Orxan Mustafayevin adını xüsusi çəkmək istərdim. Mən onu 25 ilə yaxındır tanıyıram, verilişimin də qonağı olub. Gözümün qabağında böyüyüb, formalaşıb, çox tanınmış və nüfuzlu bir ailənin nümayəndəsidir. O, bu gün ən uğurlu gənc biznesmenlərdən, investorlardan və developerlərdən biridir. Azərbaycanda gənc nəslin biznesə olan bu cür həvəsi və ölkə iqtisadiyyatına verdiyi töhfə bir daha göstərir ki, Azərbaycanın gələcəyi parlaqdır".
Turqut Ansari
14:00 07.10.2026
Oxunuş sayı: 79