Alimlər yaşlanan yumurta hüceyrələri üçün molekulyar “yapışqan” hazırlayıblar
Alman alimləri yaşla əlaqədar keyfiyyəti zəifləyən yumurta hüceyrələrində xromosomların bir-birindən vaxtından əvvəl ayrılmasının qarşısını almaq üçün süni molekulyar sistem hazırlayıblar. Yeni texnologiya gələcəkdə sonsuzluğun müalicəsində istifadə oluna bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Science” jurnalı məlumat yayıb.
Tədqiqat Maks Plank adına İnstitutun alimləri tərəfindən aparılıb. TALhesin adlandırılan sistem xromosomların hissələrini bir yerdə saxlayan təbii zülalın funksiyasını əvəz etmək üçün hazırlanıb.
Məlum olduğu kimi, qadın yaşlandıqca yumurta hüceyrələrində xromosomların düzgün bölünməməsi ehtimalı artır. Normal şəraitdə kohezin adlı zülal xromosomların xromatid adlanan hissələrini bir yerdə saxlayır. Lakin yaş artdıqca bu zülalın təsiri zəifləyir və xromosomlar vaxtından əvvəl ayrıla bilir.
Nəticədə yumurta hüceyrəsində xromosomların sayı düzgün formalaşmaya bilər. Bu isə embrionun inkişafına mane ola, hamiləliyin baş tutmaması və ya erkən inkişaf problemləri ilə nəticələnə bilər.
Alimlər hazırladıqları TALhesin sistemini əvvəlcə siçanların yumurta hüceyrələrində sınaqdan keçiriblər. Nəticələrə əsasən, yaşlı siçanların yumurta hüceyrələrində xromosomların vaxtından əvvəl ayrılmasının qarşısı alınan hüceyrələrin payı 46,7 faizdən 74,1 faizə yüksəlib. Gənc siçanlarda bu göstərici 74,7 faiz təşkil edib.
Tədqiqatçılar daha sonra sistemi insan xromosomlarına da uyğunlaşdırıblar. Donor yumurta hüceyrələri üzərində aparılan sınaqlarda TALhesin xromosomların lazımi hissələrinə bağlanıb və hüceyrənin ilk bölünmə prosesinə mane olmayıb.
Araşdırmanın rəhbəri Melina Şux bildirib ki, sistemin əsas məqsədi itirilmiş xromosom əlaqəsini bərpa etməkdir. Bununla belə, texnologiyanın sonsuzluğun müalicəsində tətbiqi üçün əlavə tədqiqatlar və təhlükəsizlik sınaqları aparılmalıdır.
Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr hələ klinik müalicə üsulunun hazır olduğu anlamına gəlmir. Yeni texnologiyanın insanlarda effektivliyi və təhlükəsizliyi gələcək araşdırmalarla təsdiqlənməlidir.
07:18 27.11.2026
Oxunuş sayı: 103