Maqnit qasırğasının vaxtı bəlli olub — Bu tarixdə
2026-cı ilin sonuna qədər Yer kürəsinin maqnit sahəsinin əsasən sabit qalacağı, dekabr ayında isə bir zəif maqnit qasırğasının baş verə biləcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov RİA Novosti-yə açıqlamasında bildirib.
Alimin sözlərinə görə, dekabrın 24-də zəif maqnit qasırğası gözlənilir. Hadisəyə G1 səviyyəsi təyin ediləcəyi ehtimal olunur. Bu, geomaqnit aktivliyinin beşpilləli təsnifatında ən aşağı səviyyədir.
Boqaçov qeyd edib ki, proqnoz Günəşdəki tac dəliklərinin yerdəyişməsi və ölçülərinin dəyişməsi səbəbindən yenilənə bilər. Bundan əlavə, Günəş alışmaları da geomaqnit aktivliyinə təsir göstərən və əvvəlcədən dəqiq proqnozlaşdırılması çətin olan amillərdəndir.
Qeyd edək ki, noyabr ayında Yer kürəsində artıq iki G1 səviyyəli maqnit qasırğası qeydə alınıb. Onlar noyabrın 7-8-də və 19-da baş verib. Sonuncu hadisə cari payız mövsümünün altıncı maqnit qasırğası olub.
08:43 27.11.2026
Oxunuş sayı: 64