Tənhalıq insan sağlamlığına ciddi təsir göstərir
Miçiqan Universitetinin alimləri tənhalığın yalnız tibbi problem kimi qiymətləndirilməsinin onun əsas sosial səbəblərinin diqqətdən kənarda qalmasına gətirib çıxara biləcəyini bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri məlumat yayıb.
Araşdırmada tənhalıq və sosial təcridin insan sağlamlığına təsirləri, eləcə də bu problemlərin cəmiyyət tərəfindən necə qəbul edildiyi təhlil olunub.
Alimlərin diqqət çəkdiyi əvvəlki tədqiqatlardan birində sosial əlaqələrin zəif olmasının vaxtından əvvəl ölüm riskini təxminən 30 faiz artırdığı müəyyən edilib. Digər araşdırmada isə sosial əlaqələrin olmamasının sağlamlığa gündə 15 siqaret çəkməyə bənzər təsir göstərə biləcəyi irəli sürülüb.
Miçiqan Universitetinin tədqiqatçıları hesab edirlər ki, tənhalığın yalnız fərdi sağlamlıq problemi kimi təqdim edilməsi məsuliyyəti səhiyyə sisteminin üzərinə keçirir. Halbuki problemin həlli üçün insanların bir-biri ilə əlaqə qurmasına imkan verən sosial mühitin gücləndirilməsi vacibdir.
Araşdırmanın müəllifləri icma münasibətlərinin bərpası, insanların iş və gündəlik həyat şəraitinin yaxşılaşdırılması, sosial əlaqələrin genişləndirilməsi kimi tədbirlərin əhəmiyyətini vurğulayırlar.
Tədqiqatın nəticələri göstərir ki, tənhalıqla mübarizə yalnız tibbi yardım çərçivəsində deyil, həm də sosial siyasət və ictimai münasibətlər səviyyəsində aparılmalıdır.
03:07 27.11.2026
Oxunuş sayı: 27