"SpaceX" kosmosda bir milyon süni intellekt məlumat mərkəzi qurmaq istəyir
ABŞ Federal Rabitə Komissiyası “SpaceX” şirkətinə kosmosda bir milyona qədər məlumat mərkəzi yerləşdirmək üçün icazə verib. Layihə süni intellekt sistemlərinin artan hesablama tələbatını qarşılamağı hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Şirkətin “Starmind” adlandırdığı layihə çərçivəsində orbitdə yerləşdiriləcək məlumat mərkəzləri böyük həcmdə informasiyanı emal edərək nəticələri Yerə ötürəcək.
Layihənin tərəfdarları kosmosda günəş enerjisindən istifadə etməklə süni intellekt sistemlərinin enerji təminatını yaxşılaşdırmağın mümkün olduğunu düşünürlər.
FCC-nin icazəsinə əsasən, şirkət ilk orbital stansiyanı 2033-cü ilin noyabrınadək yerləşdirməlidir. 2038-ci ilin noyabrınadək 500 min, 2040-cı ilədək isə qalan obyektlərin orbitə çıxarılması nəzərdə tutulur.
Lakin layihə alimlər və ekoloqlar arasında narahatlıq yaradıb. Onlar çoxsaylı peyklərin astronomik müşahidələrə mane ola biləcəyini, atmosfer çirklənməsini və kosmik toqquşma risklərini artıra biləcəyini bildirirlər.
Mütəxəssislər həmçinin kosmosda məlumat mərkəzlərinin soyudulması, texniki xidmət və enerji infrastrukturunun yaradılması ilə bağlı çətinliklərə diqqət çəkirlər.
01:01 27.11.2026
Oxunuş sayı: 89