Lavrov Avropanı Ukrayna ilə bağlı ittiham edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istədiyini, lakin münaqişənin uzunmüddətli həllinə maraq göstərmədiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyi bu barədə məlumat yayıb.
Lavrov bildirib ki, Avropa ölkələri Ukraynada dərhal atəşkəs əldə olunmasını tələb etsələr də, bundan sonrakı mərhələdə münaqişənin hərtərəfli həlli məsələsini gündəmə gətirmirlər.
“Avropanın müharibəyə hazırlaşdığını, Ukraynada dərhal atəşkəs tələb etdiyini hər gün eşidirsiniz. Eyni zamanda bildirirlər ki, atəşkəsdən sonra uzunmüddətli nizamlanmaya ehtiyac yoxdur, sadəcə, döyüş əməliyyatları dayandırılmalıdır”, – deyə nazir vurğulayıb.
Lavrovun sözlərinə görə, Avropa İttifaqı Ukrayna ərazisində hərbi bazalar yaratmaq niyyətini gizlətmir.
Onun iddiasına əsasən, Avropa dövlətləri atəşkəs əldə olunduqdan sonra Ukraynaya hərbi kontingent göndərməyi və ölkədə hərbi bazalar yaratmağı planlaşdırırlar.
Lavrov qeyd edib ki, Avropa ölkələri bu planlarla Rusiya, ABŞ və Ukrayna arasında aparılan danışıqlarda iştirak etmək istəyirlər.
Nazir atəşkəsdən sonra vəziyyətin sabitləşdirilməsi ilə bağlı təklifləri də şübhə altına alıb. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın maraqlarını tanımadığını və ölkəsinin NATO-ya üzvlüyündə israr etdiyini bildirib.
Lavrov Zelenskinin digər ölkələrin rəhbərlərinə qarşı ifadələrini də tənqid edib və bunun Ukrayna liderinin siyasi üslubuna çevrildiyini söyləyib.
Rusiya XİN rəhbəri Moskvanın bütün tərəflərlə dialoqa açıq olduğunu, lakin danışıqların qarşılıqlı hörmət əsasında aparılmasının vacibliyini vurğulayıb.
18:38 26.11.2026
Oxunuş sayı: 38