Paşinyan Rusiyaya gedir: ikitətərəfli münasibətlərdə kritik nöqtə
Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıq getdiyini açıqlayıb. Səfər Ermənistan-Rusiya münasibətlərində bir sıra fikir ayrılıqlarının mövcud olduğu, tərəflər arasında siyasi və iqtisadi məsələlərlə bağlı müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edir.
Hazırda iki ölkə arasında Ermənistanın Avrasiya İqtisadi Birliyində gələcək iştirakı, KTMT ilə münasibətləri və ölkə ərazisindəki dəmir yollarının idarəçiliyi kimi məsələlər xüsusi aktuallıq daşıyır. Bununla yanaşı, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmaq istiqamətində atdığı addımlar da Moskvanın diqqətində olan əsas məsələlərdəndir. Ermənistanın Qərbə inteqrasiya kursu ilə Rusiya ilə mövcud iqtisadi və siyasi əlaqələrini necə uzlaşdıracağı isə açıq sual olaraq qalır.
Bəs Paşinyanın Moskvaya səfəri zamanı tərəflər hansı məsələlər ətrafında razılığa gələ bilərlər? Ermənistanın Avropaya inteqrasiya siyasəti Rusiya ilə münasibətlərə təsir göstərərək dayana və ya ləngiyə bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aydın Quliyev qeyd edib ki, hazırda Ermənistanla Rusiya arasında bir sıra ciddi fikir ayrılıqları mövcuddur: “Bu məsələlərin başında Ermənistan ərazisindəki dəmir yollarının idarə olunması və konsessiya hüquqlarının dəyişdirilməsi, eləcə də İrəvanın Rusiyanın aparıcı rol oynadığı regional təşkilatlarda, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyində (AİB) gələcək iştirakı dayanır. Məhz bu məsələlər iki ölkə arasındakı münasibətlərdə ən çox müzakirə doğuran mövzulardandır. Məlumdur ki, Ermənistanın KTMT-də iştirakı faktiki olaraq dayandırılıb və təşkilat çərçivəsində səsvermə hüququ ilə bağlı da məhdudiyyətlər mövcuddur. Avrasiya İqtisadi Birliyi məsələsində isə vəziyyət bir qədər fərqlidir. Ermənistan bu təşkilatdan çıxmaq niyyətində olmadığını nümayiş etdirir. Çünki ölkənin Rusiya və MDB məkanındakı bir sıra dövlətlərlə iqtisadi-ticarət əlaqələri, eləcə də bu əməkdaşlıqdan irəli gələn iqtisadi maraqları hələ də əhəmiyyətlidir. Bununla belə, Rusiya İrəvandan AİB çərçivəsində gələcək mövqeyini dəqiqləşdirməsini və təşkilatın ümumi siyasətinə uyğun davranmasını gözləyir. Beləliklə, tərəflər arasında bu istiqamətdə də fikir ayrılıqları qalmaqdadır”.
Politoloq qeyd edib ki, digər mühüm məsələ isə Ermənistanın dəmir yollarının idarə olunması ilə bağlıdır: “2008-ci ildə imzalanmış konsessiya müqaviləsinə əsasən, Ermənistanın dəmir yolu infrastrukturu Rusiyanın idarəçiliyinə verilib. Ölkənin ümumi dəmir yolu şəbəkəsi təxminən 1300 kilometr təşkil etsə də, hazırda onun yalnız bir hissəsi işlək vəziyyətdədir, qalan infrastrukturun isə bərpasına və yenidən qurulmasına ehtiyac var. Ermənistan tərəfi dəmir yollarının idarəçiliyinin dəyişdirilməsində maraqlı görünür. Bu məsələ xüsusilə yeni regional nəqliyyat marşrutlarının və kommunikasiyaların qurulması baxımından əhəmiyyət daşıyır. Belə ki, Zəngəzur istiqamətində dəmir yolu bağlantısının yaradılması, İcevan–Razdan, İrəvan–Naxçıvan və Gümrü istiqamətində Türkiyə sərhədinə qədər dəmir yolu xətlərinin bərpası və ya inşası Ermənistanın nəqliyyat siyasətinin əsas məsələlərindəndir. Lakin dəmir yolu infrastrukturunun konsessiya müqaviləsi ilə Rusiyanın idarəçiliyində olması İrəvanın bu layihələrlə bağlı qərarlarına təsir göstərə biləcək amillərdən biridir. Bu səbəbdən Ermənistanın həmin marşrutlarla bağlı planlarını reallaşdırması üçün Moskva ilə razılaşma əldə etməsi vacib məsələyə çevrilir. Bütün bunları nəzərə alsaq, Ermənistanın Avrasiya İqtisadi Birliyində gələcək iştirakı və dəmir yollarının idarəçiliyi məsələlərinin Rusiya ilə münasibətlərdə əsas müzakirə mövzularından olacağını söyləmək mümkündür. Hər iki tərəfin bu məsələlərdə fərqli və prinsipial maraqları var. Buna görə də Paşinyanla Putin arasında həmin mövzular üzrə ortaq mövqeyin əldə olunması asan görünmür. Əksinə, bu məsələlər iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən əsas amillərdən birinə çevrilə bilər”.
Ayhan
16:20 26.11.2026
Oxunuş sayı: 42