Şimali Koreya Rusiyaya raket tədarükünü dayandırıb
Şimali Koreya Moskva ilə yaranan diplomatik gərginlik fonunda Rusiyaya KN-23 ballistik raketlərinin və artilleriya sursatlarının tədarükünü müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bu barədə məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında fikir ayrılığı oktyabr ayında Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenkonun açıqlamasından sonra yaranıb.
Rudenko Moskvanın gələcəkdə Şimali və Cənubi Koreya arasında münasibətlərin normallaşmasına kömək edə biləcəyini bildirib. Bu açıqlama Pxenyanda narazılıq doğurub.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, Şimali Koreya lideri Kim Çen In Rusiyaya hərbi yardımın müvəqqəti dayandırılması barədə şəxsən qərar qəbul edib.
Məhdudiyyətlər çərçivəsində KN-23 ballistik raketlərinin və növbəti partiya artilleriya sursatlarının tədarükü dayandırılıb. Bundan başqa, Rusiyanın hərbi-nəqliyyat təyyarələrinin Şimali Koreyanın hava məkanından istifadəsinə qadağa qoyulub.
Pxenyan həmçinin Rusiyanın Şimali Koreya hərbçilərinin sayının 8 500-dən 50 minə çatdırılması ilə bağlı müraciətinin icrasını ləngidir.
Ukrayna kəşfiyyatı iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin hazırda məhdudlaşdırıldığını bildirib.
Qeyd edək ki, bu məlumatlar Ukrayna hərbi kəşfiyyatının açıqlamasına əsaslanır. Rusiya və Şimali Koreya tərəflərinin iddialarla bağlı mövqeyi hələ məlum deyil.
14:24 26.11.2026
Oxunuş sayı: 39