Kim Çen In nüvə silahları ilə bağlı xəbərdarlıq edib
Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahlarının daha geniş miqyasda yerləşdirilməsinə çağırıb və ölkənin nüvə materialları istehsalı imkanlarının artırıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) bu barədə məlumat yayıb.
Kim Çen In nüvə materiallarının istehsalı və silah tədqiqatları obyektlərinə baxış keçirərkən ölkənin nüvə potensialının sistemli şəkildə genişləndirildiyini bildirib.
Şimali Koreya lideri ölkəsinin nüvə silahına malik dövlət statusunun toxunulmaz olduğunu vurğulayıb.
“Şimali Koreyanın nüvə statusu tamamilə toxunulmazdır. Bu statusu inkar etmək cəhdi açıq müharibə elanı kimi qiymətləndiriləcək”, – deyə o xəbərdarlıq edib.
Kim Çen In nüvə silahlarının ölkənin suverenliyinin və milli təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, Şimali Koreya 2023-cü ildə nüvə silahına malik dövlət statusunu Konstitusiyasında təsbit edib. Pxenyan nüvə arsenalından imtina etməyəcəyini dəfələrlə bəyan edib.
13:44 26.11.2026
Oxunuş sayı: 44