Dünya dollardan asılı vəziyyəyə düşüb?
Müasir dünya iqtisadiyyatı bu gün kəskin bir ziddiyyətin-borc yükü 40 trilyon dolları aşan bir sistemlə hələ də qlobal maliyyə əməliyyatlarının 60 faizindən çoxuna nəzarət edən dollar hegemonluğunun toqquşmasının ortasındadır. Son 15–20 ildə gücünün bir hissəsini itirsə də, alternativ valyuta və milli valyutalarla hesablaşma cəhdlərinin dalana dirənməsi yaxın 15–25 ildə dollardan tam imtinanın real olmadığını göstərir. Eyni zamanda ABŞ dövlət borcunun artımı pandemiya stimulları, siyasi kompromislər, hərbi xərclər və borcun özünə xidmət yükü ucbatından öz-özünü böyüdən bir mexanizmə çevrilib. Borc tavanı ətrafındakı gərginlik, bahalaşan kreditlər və kapital axınları qlobal bazarlarda, o cümlədən enerji və xammal tələbində dalğalanmalar yaradır. Bu qlobal təlatümlər fonunda əsas məsələ həmin sarsıntıların Azərbaycan iqtisadiyyatına təsirinin necə məhdudlaşdırılmasıdır. Enerji tranzitinin gücləndirilməsi, 90 milyard dollardan yuxarı ehtiyatlar, aşağı dövlət və xarici borc yükü, eləcə də məzənnə və inflyasiyaya nəzarət ölkənin əsas maliyyə qalxanını formalaşdırır.

Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış deputatı (lll, lV, V, Vl), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib:
“Bunun qlobal makroiqtisadi səbəblərindən biri ABŞ dollarının son 15–20 ildə zəifləməsidir. Amma indiki rəqəmlər göstərir ki, dünya üzrə maliyyə əməliyyatlarının 60 faizindən çoxu yalnız dollar hesabı ilə aparılır. Dünya qızıl ehtiyatlarının 50 faizindən çoxunun saxlandığı yer yenə də Amerikadır. Bu günə qədər dünya statistikasına baxsaq, avro və digər aparıcı ölkələrin valyutaları - o cümlədən Böyük Britaniyanın funt sterlinqi, İsveçrə frankı, Yaponiya yenası və başqa valyutalar - hamısı birlikdə hesablansa belə, onların istifadə səviyyəsi ABŞ dollarının səviyyəsinə çatmır. Bu artıq göstərir ki, dollardan qaçmaq mümkün deyil.
Bununla belə, qeyd etmək istəyirəm ki, dolların gücü və təsiri son 20 ildə xeyli azalıb. Amma bu meyil davam etsə belə, dediyim kimi, 15–20 ilə ABŞ dollarını tam oyundan çıxarmaq mümkün olmayacaq. Mən iqtisadçı-analitik və alim kimi bu məsələ ilə bağlı kifayət qədər çıxışlar etmişəm, məqalələrim var, monoqrafiyalarımda da geniş məlumatlar qeyd etmişəm. Birmənalı şəkildə vurğulamaq istəyirəm ki, yaxın gələcəkdə - ən azı 15–20 il ərzində - dünya iqtisadiyyatının və maliyyə sisteminin dollardan tam imtina etməkdən başqa yolu yoxdur ki, bu da real deyil. Yəni funksional və ehtiyat valyuta kimi ondan müəyyən qədər uzaqlaşmaq olar, amma tam imtina yaxın gələcəkdə mümkün ssenarri ola bilməz.
Baxmayaraq ki, son 15 ildə bir çox ölkələr, sonuncu olaraq da BRİKS ölkələri süni formada da olsa ümumi valyutadan istifadə etməyə çalışdılar. Bundan əvvəl də böyük iqtisadiyyatlara malik olan ölkələr o cümlədən Rusiya, Hindistan, Rusiya–Çin xətti və Cənubi Amerika ölkələri, hətta birləşmiş formada bir neçəsi - xarici siyasətlə bağlı maliyyə əməliyyatlarını dollardan uzaqlaşdırıb, ən asan yol kimi hər kəsin öz milli valyutası ilə həyata keçirməyə cəhd etdi. Amma bunların hamısı dalana dirəndi və heç biri normal işləmədi. Deməli, dünya iqtisadiyyatının başqa yolu yoxdur və bunun səbəbləri var”.
Rüfət Quliyev dünyanın dollar asılılığını şərtləndirən amillərə istinad edib.
“Vacib makroiqtisadi amillərdən biri də ondan ibarətdir ki, ABŞ-ın siyasəti, hərbi gücü, siyasi nüfuzu və xarici siyasəti dolların aparıcı rolunu dəstəkləyir. Maraqlı cəhət budur ki, bu gün planetin istənilən ölkəsinə ABŞ valyutası ilə gedən hər kəs orada bu və ya digər formada həmin valyutanı işlədə biləcək. Düşünürəm ki, digər valyutaların, hətta avronun özünün Cənubi Amerika və Afrika qitəsinin bir çox ölkəsində istifadəsi o qədər də rahat olmayacaq və ya yerli valyutaya qarşı məzənnəsi qeyri-adi dərəcədə aşağı olacaq. Deməli, bu birinciliyi 70 ilə yaxındır saxlayan məhz ABŞ dollarıdır.
1944-cü ildə keçirilən Bretton-Vuds konfransından sonra ABŞ dollarının gücü 1981-ci ilə qədər artıb, son 25-30 ildə isə bu tendensiya azalan xətt üzrə irərələyir, yəni zəifləyir.
Artıq bu gün – noyabr ayında - ABŞ-nin dövlət borcu 40 trilyonu keçib və proqnozlara görə gələn ilin əvvəlində o yuxarı həddi - 41,1 trilyon dolları keçəcək.
Konqresdə son 20 ildən çoxdur ki, ABŞ-da texniki defolt baş verə bilər qorxusu ilə bu hədd praktiki olaraq hər il süni şəkildə qaldırılır. Bu dəfə prezident Trampın çıxışında birmənalı qeyd olundu ki, həmin hədd ləğv edilməlidir; artıq təkcə qaldırmaqdan yox, onun yığışdırılmasından danışılır və müəyyən təzyiq göstərilir. Düşünürəm ki, belə də olacaq: həmin hədd ya qaldırılacaq, ya da ləğv ediləcək. Güman edirəm ki, Amerika iqtisadiyyatını sarsıtmamaq üçün bu addım atılacaq, atılmalıdır”.
Professor bu borcun yaranması və artmasının səbəblərindən, həmçinin Amerika isteblişmentinin onu nəyə görə cilovlaya bilməməsindən də danışıb.
“Burada bir neçə maraqlı amil var. Birincisi, ABŞ-də xroniki büdcə kəsiridir; bu kəsir yaranır və qarşısını almaq mümkün olmur. İkincisi, böhranəleyhinə xərclər və şokların qarşısını almaq üçün ayrılan vəsaitlər - yəni iqtisadiyyatı və ya əhalini stimullaşdırmaq üçün nəhəng layihələrdir. Bunun ən bariz nümunəsi COVID-19 pandemiyası dövründə ABŞ hakimiyyətinin 3 trilyon dollardan artıq pul emissiya edib bazara çıxarmasıdır. Maraqlısı odur ki, bu vəsaitin böyük hissəsi insanlara verildi ki, bazardan əmtəə və xidmət almaqla iqtisadiyyatın geriləməsinin qarşısı alınsın. Təəssüf ki, bu, xilas üçün panaseya olmadı; dünyada ortalama 5–8 faiz iqtisadi geriləmə fonunda ABŞ-nin özündə də eyni ilə bu hal müşahidə olundu. Pandemiya vaxtı ABŞ dövlətinin cəmiyyətə payladığı 3 trilyon dollardan artıq vəsait iqtisadiyyatı tam olmasa da, müəyyən qədər qorudu, amma həmin məbləğ artıq 41 trilyonluq borcun tərkib hissəsidir və ABŞ-ın ümumi dövlət borcunun artmasına ciddi təsir göstərdi. Dövlət borcu hansı ölkədə olmasından asılı olmayaraq əhalinin rifah halına, inflasiya artımına cidd təsir edir.
Məlumdur ki, dövlət borcunu azaltmaq və ya artımının qarşısını almaq üçün klassik vasitələrdən biri dövlət xərclərinin azaldılması, ikincisi isə vergilərin artırılmasıdır. Bu da iki partiyalı sistemə malik ABŞ-də hər dəfə böyük maraq toqquşmasına gətirib çıxarır. Təsəvvür edin ki, sadə dillə desək, Amerikada hər iki ildən bir seçkilər keçirilir: prezident seçkiləri, iki ildən sonra isə bu yaxınlarda baş tutan Konqres seçkiləri. Heç bir partiya populyar olmayan addım atmaq istəmir. Ona görə də məcburiyyət qarşısında kompromis variant axtarırlar. Bu kompromis nəticəsində büdcə xərcləri gəlirlərdən çox olur, xərclər gəlirlərdən daha sürətlə artır və təbii ki, balansı daha da pozur. Həmişə qeyd etdiyim kimi, bu xərclər sosial sahəyə-işsizliyin azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, səhiyyə xərclərinə və digər sahələrə təsir göstərir. Mən həmişə vurğulamışam ki, ən böyük təsir hərbi xərclərin artmasıdır. Bu gün hamıya məlumdur ki, ABŞ-nin hərbi xərcləri təxminən 950 milyard dollara yaxındır, üstəlik İranla müharibəyə görə bu illər 60 milyard dollara qədər əlavə hərbi xərc yaranıb.
Son vaxtlar ekspertlərin diqqətini daha çox cəlb edən məqam odur ki, ABŞ dövlət borcunun artımının özü borcun daimi artması üçün triggərə çevrilib. Bunun səbəbi odur ki, ümumi dövlət borcunun böyüməsi hər il borcun faizlərinin və müddəti çatan qiymətli kağızların - istiqrazların və digər borc alətlərinin - ödənilməsi üçün büdcədən daha çox vəsait tələb edir. Qeyd olunur ki, keçən ildən başlayaraq ABŞ hər il bu öhdəlikləri bağlamaq üçün 1,1 trilyon dollar xərcləmək məcburiyyətindədir. Bunun üzərinə İranla hərbi münaqişəyə görə 60 milyard dollara qədər əlavə xərc, üstəlik Tramp administrasiyasının Konqres qarşısında səsləndirdiyi 1,5 trilyon dollarlıq hərbi büdcə artımı gələndə, bunun təsiri birmənalı şəkildə fəlakətli artıma gətirib çıxarır.
Təbii ki, yüksək məbləğli kreditlər dünya iqtisadiyyatına mənfi təsir edir, iqtisadi fəallığı azaldır və neft, qaz, bəzi metallar və minerallara olan tələbatı aşağı salır. Burada tələb-təklif, rəqabət və qiymət mexanizmi özünü daha aydın göstərir”.
İqtisad elmləri doktoru ABŞ dövlət borcunun dünya ölkələrinə təsirindən də danışıb:
“İndi keçək, ABŞ dövlət borcunun dünya iqtisadiyyatına, o cümlədən Azərbaycanın iqtisadi vəziyyətinə təsirinə. Birinci və birmənalı təsir odur ki, bu borcun xərcləri və büdcə kəsirini bağlamaq ehtiyacı dünya üzrə kredit faizlərini artırır. Niyə? Çünki ABŞ Maliyyə Nazirliyi dövlət qiymətli kağızlarına - "trejeris"lərə - investorları cəlb etmək üçün daha yüksək gəlir təklif etməyə məcburdur. Bu da baza dərəcələrini və bütün dünyada kredit faizlərini qaldırır. İkinci mühüm məsələ kapitalların dollara axmasıdır. Birinci amillə bağlı olaraq, investorlar Amerika qiymətli kağızlarında daha çox gəlir görəndə aktivlərini dollar aktivlərinə yönəldirlər; nəticədə digər ölkələrin mərkəzi bankları öz uçot dərəcələrini yüksək saxlamağa və milli valyutalarının ucuzlaşmasının qarşısını almağa məcbur qalırlar. Bu da inflyasiyaya birmənalı təsir göstərir - həmin addımlar atılmasa, inflyasiyanı cilovlamaq daha da çətinləşir”.
İqtisadçı-alim ənənəyə sadiq qalaraq Azərbaycan iqtisadiyyatınn yüksək inkişaf dinamikasına da diqqət çəkib.
Düşünürəm ki, bu amillərin Azərbaycana təsirindən danışmağın vaxtı çatıb. İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan daxili, xarici və maliyyə siyasətini elə qurur ki, bu sarsıntılar ölkəyə o qədər də təsir etməsin. Təbii ki, təsirlər var: yuxarıda qeyd etdiyimiz kimi, dünya iqtisadiyyatının səmərəliliyi və artımı zəiflədikdə bu, Azərbaycan üçün vacib olan neft-qaz tələbatına da müəyyən təsir göstərir. Lakin şaxələndirmə siyasəti nəticəsində biz enerji daşıyıcılarının tranzitinə daha çox diqqət yetiririk. Bu istiqamət gəlirli və uzunömürlüdür; düşünürəm ki, yaxın bir neçə ildə neft-qaz gəlirlərini tranzitdən əldə edilən valyuta gəlirləri ilə bərabərləşdirə bilərik.
Maliyyə siyasətimizdə bir çox ekspertin diqqət yetirmədiyi mühüm cəhət də var: biz Azərbaycan maliyyə sisteminin sabitliyinin pozulmasına imkan vermirik. Hansı alətlərdən istifadə edirik? Ən əsası xarici bankların Azərbaycan banklarında payının artmasına şərait yaradılmır. Bunun sayəsində ölkə maliyyə sistemini kənar maliyyə şoklarından qoruya bilir. Digər vacib amil Azərbaycanın bu gün bəyan olunmuş 90 milyard dollardan yuxarı qızıl-valyuta ehtiyatlarıdır. Bu, bizim maliyyə yastığımızdır və onun idarə olunması da xüsusi siyasətə əsaslanır: elə universal struktur qurulub ki, hansısa valyuta və ya komponentdə itki yarandıqda digər komponent onu əvəz edir. Nəticədə uduzmuruq və xarici şokların maliyyə sisteminə təsirinin qarşısını alırıq.
Ən maraqlı məqamı sona saxladım: son 10 ildə cənab Prezidentin siyasətinin əsas məqsədlərindən biri xarici borclanmanı azaltmaqdır. Bunun ən bariz göstəricisi dövlət borcunun ümumi daxili məhsula nisbətidir. Bu göstəricini normada saxlayan 15–20 qabaqcıl ölkə var; adətən ümumi dövlət borcunun ÜDM-ə nisbətində norma 40–45 faiz sayılır. Azərbaycan isə bu nisbəti 17 faizdən aşağı salaraq 16 faizə endirib. Ən vacibi isə ən riskli sayılan xarici borcdur ki, bizdə 6 faizdən də aşağı düşüb. Xarici borc mərhələli şəkildə azalacaq; maliyyə dəstəyinə ehtiyac yarandıqda isə daxili borclanma siyasətindən istifadə edirik ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti nəzərə alındıqda bu da təhlükəli deyil.
ÜDM-in 80–85 faizinin bazar iqtisadiyyatı sahəsində yarandığını nəzərə alsaq, bazar iqtisadiyyatına xas olan problemlər - inflyasiya, işsizlik və digər məsələlər - təbii ki, olacaq. Əsas məsələ dövlətin bunları necə tənzimləməsi, cilovlaması, sosial sahəyə təsirini məhdudlaşdırması və Azərbaycan xalqının maraqlarına uyğun idarə etməsidir. Bazar iqtisadiyyatının alternativi yoxdur, fəsadları da qaçılmazdır, lakin onları idarə etmək həlledicidir.
Yadımdadır ki, 2014–2015-ci illərdəki iki devalvasiyadan sonra dırnaqarası iqtisadçı və ekspertlər alovlu çıxışlar edərək milli valyutanın dollara qarşı məzənnəsini tam bazar mexanizminə buraxmağı tələb edirdilər. Lakin burada dövlətin marağı var. Birinci maraq ondan ibarətdir ki, dövlət məzənnəni valyuta intervensiyaları vasitəsilə saxlayır və bu siyasət özünü doğrultdu. Bu gün valyuta hərraclarına çıxarılan vəsaitin təxminən 20–25 faizi yenidən xəzinəyə qayıdır; bu prosesdə tələb-təklif qanunu pozulmur, müəyyən rəqabət mövcuddur. Ən böyük üstünlüyümüz isə odur ki, maliyyəni nəzarətsiz buraxsaq, inflyasiyanı cilovlaya bilməzdik. Ən mühüm nailiyyətlərimizdən biri məhz inflyasiyanın cilovlanmasıdır. Beynəlxalq maliyyə qurumlarının proqnozlarına əsasən, 2027–2028-ci illərdə inflyasiyanın artım tempi azalacaq. Bazar iqtisadiyyatında inflyasiyanın tam qarşısını almaq mümkün deyil-dünyada inflyasiyanı sıfırlayan ölkə yoxdur, amma onun artımı bu il və keçən illə müqayisədə daha zəif olacaq”.
Turqut Ansari
11:13 26.11.2026
Oxunuş sayı: 45