Kosmos teleskopu gözlənilməz kəşfə imza atıb
Avropa Kosmik Agentliyinin (ESA) “Euclid” kosmik teleskopu qaranlıq maddəni araşdırmaq üçün apardığı müşahidələr zamanı indiyədək məlum olmayan kometa aşkar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "ScienceDaily" məlumat yayıb.
Məlumata görə, teleskop kometanı 2026-cı il sentyabrın 16-dan 24-dək çəkilmiş görüntülərin təhlili zamanı aşkarlayıb. Maraqlıdır ki, “Euclid” teleskopu əsasən uzaq qalaktikaları və kainatın qaranlıq enerjisini araşdırmaq üçün hazırlanıb.
C/2026 S1 (Euclid) adı verilən səma cisminin Yerdən təxminən 1,3 milyard kilometr məsafədə olduğu bildirilir. Onun Günəş ətrafındakı qeyri-adi orbitinin tamamlanması min illər çəkə bilər.
Alimlər bildirirlər ki, kometanın aşkarlanması teleskopun gözlənilməz imkanlarını üzə çıxarıb. Bu texnologiya gələcəkdə digər kometaların, o cümlədən kosmik tədqiqatlar üçün potensial hədəflərin müəyyənləşdirilməsinə kömək edə bilər.
Qeyd edək ki, kometalar Günəş sisteminin təxminən 4,6 milyard il əvvəl formalaşmasından qalan buz və toz cisimləridir. Onların tədqiqi planetlərin yaranması və Yer kürəsində həyatın ilkin kimyəvi komponentlərinin mənşəyi barədə məlumat verə bilər.
02:25 26.11.2026
Oxunuş sayı: 135