Kərpic divarın arxasına cazibə qüvvəsi ilə mesaj göndərdilər
Avstraliyanın Kvinslend Universitetinin fizikləri cazibə qüvvəsindən istifadə etməklə kərpic divarın arxasına mesaj ötürməyə nail olublar. Təcrübə zamanı adi rabitə sistemlərindən fərqli olaraq, fiziki maneələrdən keçə bilən qravitasiya siqnallarından istifadə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "ScienceDaily" məlumat yayıb.
Tədqiqatçılar təcrübə üçün çəkisi 1,8 ton olan liftin əks-çəkisini iki fərqli mövqeyə hərəkət etdiriblər. Bu mövqelər rəqəmsal məlumat sistemindəki sıfır və bir rəqəmlərini ifadə edib.
Kərpic divarın digər tərəfində yerləşdirilən xüsusi cihaz isə cazibə qüvvəsində yaranan son dərəcə kiçik dəyişiklikləri qeydə alıb. Alimlər həmin məlumatları təhlil edərək “Gravity” sözünü oxumağa nail olublar.
Tədqiqatçıların sözlərinə görə, cazibə qüvvəsi adi elektromaqnit siqnallarından fərqli olaraq, divar və digər fiziki maneələrlə bloklanmır. Bu xüsusiyyət gələcəkdə yeni rabitə texnologiyalarının yaradılması üçün maraqlı imkanlar aça bilər.
Lakin hazırda metodun ciddi məhdudiyyəti var. Təcrübə zamanı məlumat ötürülməsi dəqiqədə cəmi bir bit təşkil edib. Bir sözün göndərilməsi isə təxminən bir saat vaxt aparıb.
Alimlər bildirirlər ki, daha həssas ölçmə cihazlarının və yeni texnologiyaların inkişafı gələcəkdə bu üsulun imkanlarını genişləndirə bilər. Bununla belə, qravitasiya rabitəsinin praktik istifadəsinə hələ çox var.
06:44 26.11.2026
Oxunuş sayı: 59