Lukaşenko 38 Avropa ölkəsinin vətəndaşları üçün vizasız rejimi uzadıb
Belarus Prezidenti Aleksandr Lukaşenko 38 Avropa ölkəsinin vətəndaşları üçün ölkəyə vizasız giriş rejimini 2027-ci ilin sonunadək uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, ilk dəfə 2022-ci ildə Baltikyanı ölkələr və Polşa üçün tətbiq edilən vizasız rejim 2024-cü ildə daha 35 Avropa ölkəsini əhatə edəcək şəkildə genişləndirilib.
Mövcud qaydalara əsasən, həmin ölkələrin vətəndaşları Belarusiyaya avtomobil və dəmir yolu sərhəd-keçid məntəqələrindən, eləcə də hava limanlarından daxil ola bilərlər.
Vizasız qalma müddəti əksər ölkələrin vətəndaşları üçün 30 gün, Polşa, Litva və Latviya vətəndaşları üçün isə 90 gün müəyyən edilib.
Vətəndaşlar il ərzində ölkəyə bir neçə dəfə səfər edə bilərlər. Lakin Belarusiyada ümumi qalma müddəti təqvim ili ərzində 90 günü keçməməlidir.
Məlumata görə, tətbiq edildiyi vaxtdan indiyədək vizasız rejim 1,4 milyondan çox xarici vətəndaşın Belarusiyaya səfər etməsinə imkan yaradıb.
23:00 25.11.2026
Oxunuş sayı: 47