İnsanlara donuz orqanı köçürülməsi çıxış yoludurmu? - Həkimdən sərt reaksiya
Orqan transplantasiyası müasir
tibbin ən mürəkkəb və eyni zamanda həyat xilas edən istiqamətlərindən biridir.
Lakin transplantasiyaya ehtiyacı olan xəstələrin sayının donor orqanlarının
mövcudluğunu dəfələrlə üstələməsi dünya səhiyyəsinin qarşısında ciddi problem
yaradır. Xüsusilə böyrək çatışmazlığından əziyyət çəkən minlərlə insan illərlə
donor gözləməli, bu müddətdə isə dializ prosedurlarından asılı vəziyyətdə
yaşamalı olur. Bəzi xəstələr üçün uyğun donor tapılmaması həyatla ölüm
arasındakı mübarizəyə çevrilir.
Bu problemin həlli istiqamətində
alimlər son illərdə qeyri-ənənəvi transplantasiya üsullarına daha çox diqqət
yetirirlər. Belə yanaşmalardan biri ksenotransplantasiya, yəni heyvan
orqanlarının insana köçürülməsidir. Xüsusilə genetik modifikasiya edilmiş
donuzların orqanlarından istifadə edilməsi bu sahədə perspektivli
istiqamətlərdən hesab olunur. Donuz orqanlarının ölçü və fizioloji
xüsusiyyətlərinin insan orqanlarına müəyyən dərəcədə uyğun olması onları elmi
araşdırmalar üçün potensial donor mənbəyinə çevirir.
Bu istiqamətdə ABŞ-də baş verən son
hadisə diqqət çəkib. 58 yaşlı Molli Falkonun genetik modifikasiya edilmiş donuz
böyrəyi ilə bir il yaşaması ksenotransplantasiya sahəsində mühüm nəticələrdən
biri kimi qiymətləndirilir. Köçürülmüş böyrəyin uzun müddət funksiyasını
qoruması alimlərə heyvan orqanlarının insan orqanizmində fəaliyyət göstərməsi
ilə bağlı araşdırmaları genişləndirmək üçün yeni imkanlar yaradır.
Lakin bu uğurun arxasında hələ də
həllini gözləyən ciddi elmi və tibbi problemlər var. İnsan immun sistemi yad
orqanı qəbul etməyə bilər. Transplantasiyadan sonra orqanın rədd edilməsi,
infeksiyaların yaranması, heyvandan insana virusların keçməsi və orqanın
uzunmüddətli fəaliyyətinin təmin olunması əsas risklər sırasındadır. Genetik
modifikasiya bu maneələrin bir qismini azaltmağa imkan versə də, bütün riskləri
aradan qaldırmır.
Digər mühüm məsələ isə bu
texnologiyanın gələcəkdə geniş tətbiq imkanlarıdır. Donuz orqanları insan
donorlarının çatışmazlığını aradan qaldıra bilərmi? Belə transplantasiyalar nə
vaxt gündəlik tibbi praktikaya daxil ola bilər? Eyni zamanda, heyvan
orqanlarının insana köçürülməsi bioetika, təhlükəsizlik və hüquqi məsuliyyət
baxımından da müzakirələr doğurur.
Beləliklə, Molli Falkonun bir il ərzində donuz böyrəyi ilə yaşaması yalnız fərdi tibbi nəticə deyil, transplantasiya elminin gələcəyi ilə bağlı mühüm sualları da gündəmə gətirir.
Crossmedia.az-a açıqlamasında nefroloq Mustafa Şükürov bildirib ki, hətta
beyin ölümü ilə əlaqədar həyata keçirilən orqan transplantasiyasının
uzunmüddətli perspektivinin olmadığını nefroloq kimi çox müşahidə etmişəm:
“Ona görə də heyvan orqanlarının köçürülməsində heç bir perspektiv görmürəm.
Bunlar boş tədqiqatlardır. Elmi tədqiqatlar aparsınlar, qısamüddətli nəticələrə
inanıram. Lakin real praktikada və iqtisadi cəhətdən bunun rentabelli olduğunu
düşünmürəm. Qoy elmi axtarışlarını aparıb pullarını qazansınlar. Onlara uğurlar
arzulayıram!”
Məhəbbət Tərlanoğlu
19:45 25.11.2026
Oxunuş sayı: 52