İlk alman supermodeli 87 yaşında vəfat edib
İlk alman supermodeli hesab edilən Veruşka (Veruschka) 87 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bild” qəzeti onun yaxınlarından birinə istinadən məlumat yayıb.
Əsl adı Vera Qotlibe Anna qrafinya fon Lendorf olan model 1939-cu il mayın 14-də Şərqi Prussiyada anadan olub. O, 1960-cı illərdə beynəlxalq şöhrət qazanaraq dövrünün ən çox tələb olunan fotomodellərindən birinə çevrilib.
Veruşka Paris və Nyu-Yorkda fəaliyyət göstərib, nüfuzlu moda jurnallarının üz qabıqlarında yer alıb. 1967-ci ildə Amerikanın “Life” jurnalının üz qabığında dərc olunan fotosu onun dünya miqyasında tanınmasına töhfə verib.
Model geniş auditoriyaya yalnız moda çəkilişləri ilə deyil, kino fəaliyyəti ilə də tanınıb. O, 1966-cı ildə rejissor Mikelancelo Antonioninin “Blow-Up” filmində rol alıb.
Veruşkanın yaradıcılığında bədən rəssamlığı (body painting) və fotoqrafiya xüsusi yer tutub. O, bədənini müxtəlif rəng və təsvirlərlə sənət əsərinə çevirərək moda və vizual sənət sahəsində fərqli üslub yaradıb.
1970-ci illərin ortalarından ənənəvi model fəaliyyətindən uzaqlaşan Veruşka rəssam, fotoqraf və performans sənətçisi kimi fəaliyyətini davam etdirib.
Onun ölüm səbəbi ilə bağlı hələlik məlumat açıqlanmayıb.
19:59 25.11.2026
Oxunuş sayı: 39