Deputat: Kəlbəcərin dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamıdır
Azərbaycanın qədim və dilbər guşələrindən olan Kəlbəcərin Ermənistanın işğalından azad edildiyi, dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm tarixi mərhələnin başa çatdığı gün kimi xüsusi əhəmiyyət daşıyan və xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuş əlamətdar tarixi günlərdən biri 25 noyabr – Kəlbəcər şəhəri günüdür. Bu gün həm də bütün Azərbaycan xalqı üçün böyük sevinc, qürur və iftixar mənbəyidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olmuşdur: “İşğal nəticəsində rayonun dinc əhalisi öz doğma torpaqlarından zorla çıxarılmış, minlərlə insan ağır faciələrlə üzləşmişdir. Kəlbəcərin işğalı zamanı mülki əhali çətin dağ yolları, sərt hava şəraiti və təhlükəli keçidlər vasitəsilə doğma torpaqlarını tərk etməyə məcbur qalmış, insanlar ev-eşiklərini, illərlə qurduqları təsərrüfatlarını, xatirələrini və əcdadlarının məzarlarını geridə qoyaraq məcburi köçkün həyatına başlamışlar. İşğal nəticəsində yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, tarixi abidələr və digər sosial infrastruktur obyektləri dağıdılmış, bölgənin iqtisadi və mədəni potensialına ciddi ziyan vurulmuşdur. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb olmuşdur. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etmişdir. Azərbaycan Ordusunun hərbi uğurları nəticəsində Ermənistanın siyasi və hərbi rəhbərliyi 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamağa məcbur olmuşdur. Həmin sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Kəlbəcər şəhəri Azərbaycanın nəzarətinə qaytarılmışdır. Bu hadisə Azərbaycan dövlətinin siyasi iradəsinin, diplomatik səylərinin və hərbi qüdrətinin mühüm nəticəsi kimi tarixə düşmüşdür”.
Deputat qeyd edib ki, Kəlbəcərin azad olunmasının tarixi əhəmiyyətini nəzərə alan Azərbaycan dövləti bu əlamətdar günün hər il rəsmi şəkildə qeyd edilməsini təmin etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər şəhəri günü kimi qeyd olunur: “Kəlbəcər şəhəri günü həmçinin Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi, qazilərimizin fədakarlığının qiymətləndirilməsi və müharibə iştirakçılarının şücaətinin təbliği üçün əlamətdar gündür. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, peşəkarlıq və qətiyyət xalqımızın tarixi Zəfərini təmin etmişdir. Bu Qələbənin arxasında minlərlə hərbçimizin qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı dayanır. Bu gün artıq işğaldan azad edilmiş Kəlbəcər özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində rayonda genişmiqyaslı bərpa, yenidənqurma və infrastruktur layihələri reallaşdırılır. Ölkə Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılması, iqtisadi potensialın bərpası və sosial infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atılır. Şəhərdə yaşayış binalarının, inzibati obyektlərin, yolların, kommunikasiya xətlərinin və sosial təyinatlı müəssisələrin tikintisi və bərpası həyata keçirilir. Kəlbəcərin gələcəyi ilə bağlı ən mühüm məsələlərdən biri uzun illər məcburi köçkün həyatı yaşamış sakinlərin öz doğma yurdlarına qayıtmasıdır. Böyük Qayıdış proqramı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın yenidən canlandırılmasını, insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin edilməsini qarşıya məqsəd qoyur. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır. Bu hadisə şəhərin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, uzun illər yurd həsrəti ilə yaşayan ailələrin arzularının gerçəkləşməsi deməkdir. Kəlbəcər zəngin təbii resursları və əlverişli turizm imkanları ilə Azərbaycanın iqtisadi inkişafında mühüm yer tuta biləcək rayonlarımızdandır. Rayonun dağlıq relyefi, təmiz havası, mineral su ehtiyatları, meşələri və təbii landşaftları burada ekoturizmin, sağlamlıq turizminin, dağ turizminin və kənd turizminin inkişafı üçün geniş imkanlar yaradır. Xüsusilə, məşhur İstisu mineral bulaqları Kəlbəcərin ən qiymətli təbii sərvətlərindən biridir. İstisu ərazisində müasir turizm və sağlamlıq infrastrukturunun yaradılması bölgənin iqtisadi potensialının reallaşdırılması baxımından mühüm istiqamətlərdəndir. Kəlbəcər həm də Azərbaycanın qədim tarixini və mədəni irsini özündə yaşadan ərazilərdən biridir. Bu bölgənin tarixi abidələri, dini-memarlıq nümunələri, qədim yaşayış məskənləri və arxeoloji irsi xalqımızın çoxəsrlik tarixinin mühüm tərkib hissəsidir. Kəlbəcərdə yerləşən qədim alban məbədlərinin və digər tarixi nümunələrin qorunması, onların mənsubiyyətinin elmi əsaslarla araşdırılması Azərbaycan tarixinin beynəlxalq səviyyədə təbliği baxımından vacibdir. 25 Noyabr – Kəlbəcər şəhəri günü gənc nəslin milli-mənəvi dəyərlər ruhunda, Vətənə sevgi və dövlətə sədaqət prinsipləri əsasında tərbiyə olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Gənclərimiz bilməlidirlər ki, Kəlbəcərin azad olunması sadəcə hərbi uğur deyil, xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və tarixi ədalətə inamının təntənəsidir. Əminliklə demək olar ki, yaxın gələcəkdə Kəlbəcər Azərbaycanın ən inkişaf etmiş, müasir infrastruktura malik, turizm və iqtisadi potensialı ilə seçilən bölgələrindən birinə çevriləcəkdir. Burada yenidən qurulan hər bir yaşayış evi, açılan hər bir məktəb, salınan hər bir yol və fəaliyyətə başlayan hər bir müəssisə Azərbaycan dövlətinin qüdrətinin və xalqımızın qurub-yaratmaq əzminin göstəricisi olacaqdır”.
Ayhan
19:19 25.11.2026
Oxunuş sayı: 65