NATO Rusiyaya gizli mesaj göndərib – WSJ-dən diqqətçəkən iddia
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Støre Rusiya Prezidenti Vladimir Putini NATO ölkələrinin Baltik dənizində gəmiçilik marşrutunu bağlamaq niyyətində olmadığına inandırmağa çalışıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, oktyabrın 27-də baş tutan telefon danışığı zamanı Skandinaviya liderləri gərginliyi azaltmaq məqsədilə Putinə Baltik dənizinin sülh dövründə blokadaya alınmasının planlaşdırılmadığını bildiriblər.
Mənbələrin sözlərinə görə, Finlandiya Prezidenti telefon danışığı zamanı Rusiyanın liderinə ölkələrinin beynəlxalq hüquqa uyğun hərəkət edəcəyini və Baltik dənizini bağlamaq niyyətində olmadığını çatdırıb.
Nəşr qeyd edir ki, Qərb rəsmiləri də Moskvanı NATO-nun Baltik dənizini blokadaya almaq planının olmadığına inandırmağa çalışıblar.
Bundan əvvəl Skandinaviya liderləri Kremlə birbaşa çıxışı olan rusiyalı oliqarx vasitəsilə də Moskvaya mesaj çatdırmağa cəhd ediblər. Həmin şəxsin Norveçə səfər edərək yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr apardığı, daha sonra isə Putinə mesaj ötürmək üçün Moskvaya qayıtdığı bildirilir.
Qeyd edək ki, oktyabrın 27-də Stubb və Store Putinlə telefon danışığı aparıblar. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin liderlər tərəfindən öz dövlətlərinin adından aparıldığını, Avropa İttifaqı adından danışmadıqlarını vurğulayıb.
18:15 25.11.2026
Oxunuş sayı: 44