Sülh sazişinin imzalanması TRIPP layihəsindən asılı olmayan ayrıca prosesdir - Politoloq
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki icrasına start verildiyini elan ediblər. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutan bu layihə Cənubi Qafqazda regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.. TRIPP layihəsinin icrasına başlanılması Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin formalaşmasına, eləcə də regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün əlavə imkanların yaranmasına təsir göstərə bilər. Bununla yanaşı, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin nə dərəcədə ardıcıl icra olunacağı və İranın layihəyə münasibətinin gələcəkdə hansı istiqamətdə dəyişəcəyi də diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbıyli qeyd edib ki, TRIPP layihəsinin icrasına başlanılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz, eləcə də Avropa və Asiya qitələrini təmsil edən ölkələr üçün böyük əhəmiyyət daşıyır: “Bu, strateji və geostrateji, eyni zamanda geoiqtisadi xarakterli layihədir. Onun reallaşdırılması Cənubi Qafqazın geosiyasi mənzərəsini ciddi şəkildə dəyişdirə bilər. Qeyd etmək lazımdır ki, bu layihənin sülh prosesi ilə birbaşa deyil, dolayı əlaqəsi var. Yəni yekun sülh sazişinin imzalanması birbaşa TRIP layihəsinin icrasından asılı deyil. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında əsas maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğudur. Əgər Ermənistan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirər və bu prosesin nəticəsində Azərbaycana qarşı ərazi iddialarından imtina edərsə, o zaman iki ölkə arasında yekun sülh sazişinin imzalanması üçün zəruri siyasi-hüquqi zəmin yaranacaq. Beləliklə, sülh sazişinin imzalanması TRIP layihəsindən asılı olmayan ayrıca prosesdir”.

Ekspert qeyd edib ki, bununla belə, TRIP layihəsi bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf perspektivlərinə geniş imkanlar açacaq nəhəng təşəbbüsdür: “Bu layihə Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit qovşağının formalaşmasına şərait yaradacaq və nəticə etibarilə regionun iqtisadi inkişafına ciddi töhfə verəcək. Bu baxımdan hesab edirəm ki, İranın, Rusiyanın və ya digər dövlətlərin layihəyə qarşı mümkün müqaviməti onun reallaşdırılmasına ciddi maneə yarada bilməz. Çünki TRIP layihəsinin həyata keçirilməsində ABŞ birbaşa iştirak edir. Eyni zamanda, Avropa və Asiya ölkələri, o cümlədən dünyanın aparıcı iqtisadi güclərindən biri olan Çin də bu layihənin reallaşmasında maraqlıdır. Belə geniş beynəlxalq maraqların cəmləşdiyi bir layihənin qarşısının alınması Rusiya və İran üçün asan olmayacaq”.
Ayhan
17:00 25.11.2026
Oxunuş sayı: 37