Merts Ukraynaya çağırış etdi: Silah ixracına maneələr aradan qaldırılmalıdır
Almaniya kansleri Fridrix Merts Ukrayna ilə birgə müdafiə layihələrinin inkişafına silah ixracı rüsumlarının və əqli mülkiyyət hüquqlarının ötürülməsinə dair qanunvericilik məhdudiyyətlərinin mane olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Almaniya Federal Hökuməti bu barədə kanslerin noyabrın 20-də Berlində keçirilən IX Almaniya–Ukrayna İqtisadi Forumundakı çıxışını dərc edib.
Merts vurğulayıb ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq yalnız Ukraynaya yardım xarakteri daşımır, həm də Almaniyanın texnoloji imkanlarını və Bundesverin təchizat təhlükəsizliyini gücləndirir.
“Bu əməkdaşlıq sayəsində Almaniyanın texnoloji və innovasiya potensialı bir neçə il əvvəl təsəvvür edə bilməyəcəyimiz miqyasda artır. Almaniya–Ukrayna birgə müəssisələrinin sayının çoxaldığını da görürük”, – deyə kansler bildirib.
Onun sözlərinə görə, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi üçün mövcud tənzimləyici maneələr aradan qaldırılmalıdır.
“Biz Ukrayna ilə bu yolda irəliləmək və müdafiə sənayesində əməkdaşlığımızı gücləndirmək istəyirik. Bunun üçün indidən müvafiq şərtləri yaxşılaşdırmaq lazımdır. Açıq deməliyəm ki, ixrac rüsumları və ya əqli mülkiyyət hüquqlarının ötürülməsinə qanunvericiliklə qoyulan qadağalar birgə innovasiya fəaliyyətinə mane olur”, – deyə Merts qeyd edib.
Kansler bildirib ki, genişmiqyaslı müharibə başlayandan sonra heç bir Almaniya şirkəti Ukrayna bazarını tərk etməyib. Əksinə, Ukraynada fəaliyyət göstərən Almaniya müəssisələrinin sayı təxminən üç dəfə artıb.
Merts Almaniyanın 2027-ci ildə və sonrakı dövrdə də Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcəyini vurğulayıb. Buraya hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, uzaqmənzilli silahlar, artilleriya, döyüş sursatları və peyk məlumatları daxildir.
Məlumata görə, Ukraynada müdafiə təyinatlı məhsulların ixracı 2026-cı il iyulun 1-də qəbul edilmiş 875 saylı hökumət qərarı ilə tənzimlənir.
Qərara əsasən, hazır hərbi məhsulların və texnologiyaların ixracı üçün onların dəyərinin 20 faizi, komponentlər və ehtiyat hissələrinin ixracı üçün isə 30 faizi həcmində ödəniş nəzərdə tutulur.
Ukraynanın müdafiə sənayesi müəssisələri və sahə birlikləri bu rüsumların ləğv edilməsini, əvvəlcədən ödəniş tələbinin aradan qaldırılmasını və sınaq məqsədli ixrac prosedurlarının sadələşdirilməsini istəyirlər.
Sənaye nümayəndələri hesab edirlər ki, mövcud ödənişlər bəzi Ukrayna müdafiə məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini azaldır və Avropa İttifaqı, eləcə də ABŞ şirkətləri ilə birgə istehsal layihələrini çətinləşdirir.
16:19 25.11.2026
Oxunuş sayı: 30