Bakıda absurd mənzərə: Piyada keçidinin nişanı tərsinə çevrilib
Bakının Bakıxanov qəsəbəsində qeyri-adi yol nişanı diqqət çəkib. Sakit Qocayev küçəsində piyada keçidinin yaxınlığında yerləşdirilən nişanın tərs vəziyyətdə olması sürücülər və piyadalar üçün çaşqınlıq yarada biləcək vəziyyət ortaya çıxarıb.
Belə ki, piyada keçidinin mövcudluğunu bildirən yol nişanı qaydalara uyğun istiqamətdə deyil, tərsinə vəziyyətdədir. Bu hal həm yol hərəkəti iştirakçılarının diqqətini yayındıra, həm də sürücülərin nişanı düzgün anlamasına mane ola bilər. Xüsusilə piyadaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyan belə nişanların yanlış yerləşdirilməsi yol hərəkəti təhlükəsizliyi baxımından ciddi suallar doğurur.
Maraqlıdır, piyadaların təhlükəsizliyinə xidmət etməli olan nişan necə olub ki, bu vəziyyətdə indiyədək nəzarət edən qurumun gözündən yayınıb?
Sözügedən nişanın fotosu sosial şəbəkələrdə də yayılıb və istifadəçilərin müzakirəsinə səbəb olub. Paylaşımlardan birində vəziyyət ironik şəkildə belə ifadə edilib: “Yanlış da bir naxışdır: bu "nişan" yollarda piyadanın vəziyyətini dəqiq ifadə edir...”
Yol nişanları sadəcə yol kənarında yerləşdirilən göstəricilər deyil, hərəkətin təhlükəsizliyini təmin edən mühüm vasitələrdir.
Məhəbbət Tərlanoğlu
13:42 25.11.2026
Oxunuş sayı: 191