Moruqla arıqlamaq istəyənlər bunu bilməlidir - AÇIQLAMA
Sağlam qidalanma və artıq çəkidən
xilas olmaq istəyən insanların diqqət yetirdiyi əsas məsələlərdən biri gündəlik
rasionda hansı meyvə və tərəvəzlərə üstünlük verilməsidir. Xüsusilə aşağı
kalorili, liflə zəngin və orqanizm üçün faydalı maddələr ehtiva edən meyvələr
pəhriz menyusunda mühüm yer tutur. Bu baxımdan moruq həm qida dəyəri, həm də
tərkibindəki bioloji aktiv maddələrlə seçilən meyvələrdəndir.
Moruğun tərkibindəki liflər həzm
sisteminin fəaliyyətini dəstəkləyir, toxluq hissinin daha uzun müddət davam
etməsinə kömək edir. Bu xüsusiyyət xüsusilə gün ərzində tez-tez aclıq hiss edən
və qida qəbulunu nəzarətdə saxlamağa çalışan insanlar üçün əhəmiyyətlidir.
Bundan başqa, moruq C vitamini, manqan və antioksidantlarla zəngindir. Onun
tərkibindəki polifenollar orqanizmin oksidləşdirici stressə qarşı müdafiəsində
iştirak edir.
Bununla belə, hər hansı bir meyvənin
arıqlamağa birbaşa səbəb olduğunu düşünmək düzgün deyil. Çəkinin azalması ümumi
enerji balansından, qidalanma vərdişlərindən və fiziki aktivlikdən asılıdır.
Moruq sağlam qidalanmanın tərkib hissəsi kimi faydalı seçim olsa da, onun
istehlak miqdarı və hazırlanma forması da nəzərə alınmalıdır.
Xüsusilə moruğun təzə, dondurulmuş
və ya qurudulmuş formada, eləcə də mürəbbə və digər şirin məhsullar şəklində
istehlakı arasında fərqlər var. Meyvəyə şəkər əlavə edildikdə onun kalorisi
artır və pəhriz zamanı gözlənilən faydası azala bilər. Buna görə də sağlam
qidalanmaq istəyənlərin yalnız məhsulun təbii olmasına deyil, onun necə
hazırlandığına və hansı miqdarda qəbul edildiyinə də diqqət yetirməsi vacibdir.
Crossmedia.az-a açıqlamasında dietoloq Aidə İbrahimova bildirib ki, moruq
təkcə mövsümi meyvə deyil, antioksidantlarla zəngin giləmeyvədir:
“Tərkibində şəkər və karbohidrat azdır.
Buna görə də bütün qidalanma növlərində bir ovuc qədər moruq qəbul etmək
məsləhət görülür. Tərkibindəki liflər və vitaminlər çox faydalıdır. Amma mən
“arıqlamaq” sözünü sevmirəm. Əgər sağlam qida, sağlam çəki və sağlam həyat
tərzindən danışırıqsa, moruğun sağlam qidalanmada rolu və faydaları
əvəzedilməzdir.
Amma “moruq yeyərək çəki verəcəyəm”
deyə bir yanaşma yoxdur. Çünki çəki artımının səbəbləri araşdırılmalı, bu
məsələyə kompleks yanaşılmalıdır. Çəki vermək üçün xüsusi bir qida, tərəvəz və
ya protein yoxdur ki, onu qəbul etməklə artıq çəkidən xilas olaq. Bizi sağlam
çəkiyə çatdıracaq sehrli bir vasitə də mövcud deyil.
Sağlam şəkildə çəki verməkdən, yəni
piy kütləsinin azalmasından danışırıqsa, burada yuxudan tutmuş həyat tərzimizə
qədər bir çox amil rol oynayır. İlk növbədə yuxu, qidalanma, su qəbulu və
fiziki aktivlik vacibdir. Balanslı qidalanmaya diqqət yetirməli, hər üç əsas
qida komponentinin – zülalların, yağların və karbohidratların rasionumuzda
olmasını təmin etməliyik. Qidalanma növləri də çoxdur və hər kəs üçün fərdi
şəkildə seçilir. Əgər artıq çəkidən söhbət gedirsə, ilk növbədə araşdırmaq
lazımdır ki, artıq çəkinin səbəbi nədir və sağlam şəkildə çəki vermək üçün nə
etmək lazımdır. Burada söhbət həm də maddələr mübadiləsinin düzgün işləməsindən
gedir.
Meyvələrin toxluq hissi yaratmasına
və həzm sisteminin fəaliyyətinə təsirinə gəlincə, meyvələr liflə zəngin olsalar
belə, təkbaşına uzunmüddətli toxluq hissi yaratmırlar. Giləmeyvələrdə
antioksidantlar da müəyyən qədər mövcuddur. Lakin meyvəni tək qəbul etdikdə
insanı uzun müddət tox saxlaya bilmir. Yanında hər hansı bir protein mənbəyi və
ya faydalı yağlarla zəngin çərəzlər, məsələn, qoz, badam, makadamiya və
müxtəlif toxumlar qəbul etdikdə qida balansı yaranır. Bu halda daha uzun müddət
tox qalmağa kömək edir.
Moruğa şəkər əlavə edilmədikdə
mürəbbə və ya digər formada hazırlanmasına gəlincə, əgər ona şəkər əlavə
edilərək mürəbbə bişirilirsə, artıq onun faydalarından danışa bilmərik. Çünki
şəkər sadə karbohidratdır. Bu isə insulin müqaviməti olan, şəkərə meyilli və
artıq çəkisi olan insanlar üçün tövsiyə edilmir. Belə halda moruğun faydasından
da əvvəlki kimi danışmaq mümkün deyil.
İstər meyvə, istərsə də tərəvəz
olsun, məhsulların mövsümündə istehlak edilməsi daha faydalıdır. İndi artıq
payızın son ayıdır, qış fəslinə qədəm qoyuruq. Hər fəslin özünəməxsus meyvə və
tərəvəzləri var və mövsümi məhsullara üstünlük vermək daha məqsədəuyğundur”.
Məhəbbət Tərlanoğlu
15:29 25.11.2026
Oxunuş sayı: 45