İtaliya hərbi gəmisi ballistik raket hədəfini məhv edib
İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus “Giovanni delle Bande Nere” hərbi gəmisi yüksək sürətli ballistik hədəfi iki “Aster 30” raketi ilə uğurla məhv edib.
Crossmedia.az xəbər verir ki, İtaliyanın “La Repubblica” nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, hərbi gəmi təlim zamanı yüksək sürətlə hərəkət edən ballistik hədəfi aşkar edərək izləyib və iki “Aster 30” raketi vasitəsilə zərərsizləşdirib.
İtaliya Hərbi Dəniz Qüvvələrinin noyabrın 20-də açıqladığı əməliyyat 2026-cı ilin avqustunda Sakit okeanda keçirilmiş “Pacific Dragon 2026” çoxmillətli hərbi təlimləri çərçivəsində həyata keçirilib.
Sınaq zamanı gəminin radar və raketdən müdafiə sistemlərinin ballistik təhlükələrə qarşı effektivliyi nümayiş etdirilib.
“La Repubblica” nəşri İtaliyanın dəniz bazalı ballistik raketdən müdafiə imkanlarını Avropada yeganə əməliyyat qabiliyyətli sistem kimi qiymətləndirib.
Mütəxəssislərin fikrincə, bu cür sistemlər hərbi gəmilərin və strateji dəniz marşrutlarının ballistik raket hücumlarından qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
İtaliya Hərbi Dəniz Qüvvələri isə uğurlu sınağın ölkənin dənizdən ballistik raket təhlükələrinə qarşı müdafiə imkanlarını nümayiş etdirdiyini bildirib.
17:37 25.11.2026
Oxunuş sayı: 40