Polşa XİN başçısı: Ukraynada “Patriot” sistemlərinin istifadəsi NATO-nu gücləndirir
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukraynanın Rusiyanın ballistik raket hücumlarından müdafiəsi üçün ABŞ istehsalı olan “Patriot” sistemlərindən istifadə edilməsi müttəfiqlərin müdafiə imkanlarının güclənməsinə töhfə verir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, “Patriot” hava hücumundan müdafiə sistemlərinin real döyüş şəraitində tətbiqi onların texnoloji imkanlarının təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
“Rusiyanın ballistik raketlərindən müdafiə üçün Amerikanın ‘Patriot’ sistemindən hər istifadə ittifaqımızı gücləndirir. Çünki ‘Patriot’un alqoritmi bu yolla öyrənir”, – deyə Sikorski bildirib.
Polşalı nazirin fikrincə, Ukraynada bu sistemlərin istifadəsi təkcə ölkənin hava məkanının qorunmasına deyil, həm də müttəfiqlərin müdafiə sahəsində təcrübəsinin artmasına xidmət edir.
Qeyd edək ki, ABŞ istehsalı olan “Patriot” sistemləri Ukraynanın Rusiya raket hücumlarına qarşı müdafiəsində mühüm rol oynayır.
17:17 25.11.2026
Oxunuş sayı: 28