Özbəkistanda növbəti dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 30-dan dekabrın 7-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Mədəniyyət Nazirliyindən Crossmedia.az-a verilən məlumata görə, 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Mədəniyyət Günlərinin məqsədi Azərbaycan xalqının zəngin tarixi-mədəni və ədəbi irsinin təbliği, eləcə də iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsidir.
Proqram Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərini – muğam və klassik musiqini, cazı, teatr və kino sənətini, müasir təsviri incəsənəti əhatə edəcək. Tədbirlər çərçivəsində qadınların mədəniyyətin və ictimai fikrin inkişafındakı roluna da xüsusi diqqət yetiriləcək. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycanın maarifçi qadınlarının irsi və müasir qadın rəssamların yaradıcılığı təqdim olunacaq.
Mədəniyyət Günləri çərçivəsində keçiriləcək “Mədəni və Yaradıcı Sənayelər Həftəsi” yaradıcı sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinə, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına və birgə layihələrin təşviqinə imkan yaradacaq.
Tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdən 200-dən çox mədəniyyət nümayəndəsinin – musiqiçi, aktyor, yazıçı, rəssam və yaradıcı sənaye təmsilçisinin daxil olduğu nümayəndə heyəti Özbəkistana səfər edəcək.
Bildirək ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixi köklərə, dil və mədəniyyət birliyinə, əsrlər boyu qorunub saxlanılan dostluq ənənələrinə əsaslanır. Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimadı sayəsində iki ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilən dövlətlərarası əlaqələr 2026-cı il avqustun 23-də imzalanan “Əbədi dostluq haqqında Müqavilə” ilə yeni məzmun qazanıb.
Son illərdə hər iki ölkədə keçirilən qarşılıqlı mədəniyyət günləri humanitar əməkdaşlığın ardıcıl inkişafını nümayiş etdirir. 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri və Xivədə Şuşa Günləri keçirilib. 2025-ci ildə isə Bakıda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunub.
Özbəkistanda keçiriləcək növbəti Azərbaycan Mədəniyyəti Günləri iki qardaş ölkə arasında mədəni-humanitar əlaqələrin daha da dərinləşdirilməsinə, yaradıcı dairələr arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına, xalqlarımızı birləşdirən dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
18:07 25.11.2026
Oxunuş sayı: 37