Kinomuzun əsas problemi maliyyədir, yoxsa sənətə münasibət?
Kino hər bir xalqın mədəni kimliyini, tarixini, milli dəyərlərini və dünyagörüşünü əks etdirən mühüm sənət sahələrindən biridir. Azərbaycan kinosu da uzun illər ərzində ölkəmizin mədəni irsinin qorunmasında, milli tariximizin ekranlaşdırılmasında və cəmiyyətə müxtəlif mövzuların çatdırılmasında mühüm rol oynayıb. Müasir dövrdə isə kino sənayesinin inkişafı yalnız ənənələrin qorunması ilə deyil, həm də yeni texnologiyaların tətbiqi, fərqli yaradıcılıq yanaşmalarının meydana çıxması və beynəlxalq rəqabətə uyğunlaşma ilə bağlıdır.
Gələn ilin dövlət büdcəsinin layihəsində Azərbaycan kinosunun inkişafı üçün ümumilikdə 12,1 milyon manat vəsaitin nəzərdə tutulması bu sahəyə göstərilən maliyyə dəstəyinin davam etdirildiyini ortaya qoyur. Ayrılan vəsaitin 3,1 milyon manatı Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılmasına, 9 milyon manatı isə Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsinə yönəldiləcək.
Bu maliyyə dəstəyinin kino sənayesində hansı real nəticələrə səbəb olacağı, yeni layihələrin həyata keçirilməsinə nə dərəcədə imkan yaradacağı və yaradıcı potensialın üzə çıxarılmasına necə təsir göstərəcəyi maraq doğurur. Xüsusilə gənc rejissorların, ssenaristlərin və digər kinematoqrafçıların öz layihələrini reallaşdırması, müasir və tamaşaçı marağına uyğun filmlərin çəkilməsi baxımından dövlət dəstəyinin əhəmiyyəti böyükdür.
Eyni zamanda, Azərbaycan filmlərinin beynəlxalq festivallarda və kino platformalarında təmsil olunması, ölkəmizin kino sənayesinin dünya miqyasında tanıdılması da diqqət mərkəzində olan məsələlərdəndir. Bəs ayrılan vəsait bu istiqamətlərdə hansı imkanları yaradacaq və Azərbaycan kinosunun gələcək inkişafı üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında kinorejissor və kinoşünas Ayaz Salayev bildirib ki, maliyyələşdirmə çox vacibdir:

“Amma əsas problem sənətlə bağlı məsələlər, kinoya münasibət, onun əhəmiyyətinin dərk olunması, milli mədəniyyətin bir hissəsi kimi kinoya yanaşma, yaşadığımız dövrü, psixologiyanı və təfəkkürü əks etdirmək istəyi, eləcə də kinonun bu baxımdan üzərinə düşən məsuliyyətdir”.
Rejissor, ssenarist Zahid Ağa bildirib ki, 9 milyon manat Azərbaycan kinosu üçün ciddi bir fürsətdir:

“Xüsusilə gənc rejissorların öz layihələrini reallaşdırması, debüt filmlərinin çəkilməsi və yeni yaradıcı nəslin formalaşması baxımından bu dəstəyin əhəmiyyəti böyükdür.
Gənc rejissor kimi deyə bilərəm ki, bu gün istedadlı və maraqlı ideyaları olan kifayət qədər gəncimiz var. Onların qarşısındakı əsas maneələrdən biri isə maliyyə imkanlarının məhdud olmasıdır.
Vəsaitin bir hissəsi məhz gənc rejissorların layihələrinə ayrılmalı, seçim prosesi şəffaf və peşəkar meyarlarla həyata keçirilməlidir. Eyni zamanda, yalnız film istehsalına deyil, post-prodakşn, texniki keyfiyyət və filmlərin yayımına da diqqət yetirilməlidir.
Məqsədimiz sadəcə çox film çəkmək deyil, keyfiyyətli və yadda qalan filmlər yaratmaq olmalıdır. İlk növbədə, filmin çəkilməsi ilə iş bitmir. Onun beynəlxalq auditoriyaya çatdırılması üçün də ciddi strategiya lazımdır.
Düşünürəm ki, filmlərin beynəlxalq festivallara təqdim olunması, subtitrlərin hazırlanması, PR və distribusiya işləri üçün ayrıca maliyyə dəstəyi yaradılmalıdır. Həmçinin xarici prodüserlərlə əməkdaşlıq və beynəlxalq birgə istehsal layihələri təşviq edilməlidir.
Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: Azərbaycan kinosu beynəlxalq arenada uğur qazanmaq üçün öz milli kimliyindən uzaqlaşmamalıdır. Əksinə, bizi fərqləndirən məhz öz hekayələrimiz, mədəniyyətimiz və insanlarımızdır. Sadəcə, bu hekayələri universal kino dili ilə təqdim etməyi bacarmalıyıq.
Azərbaycan filmlərinin xarici festivallarda yalnız iştirakçı kimi deyil, rəqabət aparan və diqqət çəkən ekran əsərləri kimi tanınmasını istəyirəm.
İnanıram ki, düzgün maliyyə siyasəti, yaradıcı azadlıq və gənclərə verilən imkanlarla Azərbaycan kinosu beynəlxalq səviyyədə daha güclü mövqe qazana bilər”.
Məhəbbət Tərlanoğlu
19:18 23.11.2026
Oxunuş sayı: 46