Minlərlə vətəndaşın torpaq sahəsi rəsmiləşdirilə bilər — Ekspert
Azərbaycanda uzun illərdir vətəndaşların istifadəsində olan, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan həyətyanı torpaq sahələrinin rəsmiləşdirilməsi ilə bağlı yeni mexanizm təklif olunur. Belə ki, “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da tanınması nəzərdə tutulur. Bu dəyişiklik qəbul edilərsə, sənədləşmə ilə bağlı çətinlik yaşayan bir çox vətəndaşın torpaq sahəsini qanuni mülkiyyət kimi rəsmiləşdirməsi üçün əlavə imkan yaranacaq.
Həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi məsələsi təkcə mülkiyyət hüququnun tanınması baxımından deyil, həmin ərazilərdə tikilmiş evlərin hüquqi statusu, alqı-satqı, vərəsəlik və əmlak üzərində sərəncam vermək imkanları baxımından da əhəmiyyətlidir. Çünki torpaq sahəsi faktiki olaraq vətəndaşın istifadəsində olsa da, mülkiyyət hüququnun rəsmiləşdirilməməsi gələcəkdə müxtəlif hüquqi və praktiki problemlərə yol aça bilər.
Təklif olunan dəyişikliklərin hansı torpaq sahələrinə şamil ediləcəyi, plan-ölçü sənədinin hansı hallarda mülkiyyət hüququnun tanınması üçün əsas sayılacağı və sənədləşmə prosesinin necə aparılacağı vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu mexanizmin torpaq mübahisələrinin həllinə və daşınmaz əmlak bazarında hüquqi şəffaflığın artırılmasına təsiri də diqqət çəkən məsələlərdəndir.
Crossmedia.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, zamanla müxtəlif illərdə dövlət qurumları tərəfindən vətəndaşlara torpaq sahələri ayrılırdı:

“Ayrılan torpaq sahələrinə verilən sənədlərdən biri də həmin əraziyə dair torpaq haqqında şəhadətnamə idi. Bu şəhadətnamədə torpaq sahəsinin yerləşmə cizgi sxemi, ölçüsü və planı qeyd olunurdu.
Lakin 2006-cı il iyunun 6-dan sonra torpaq sahələrinə çıxarışların, yəni xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinə başlanıldı və həmin tarixdən etibarən vətəndaşlara torpaq haqqında şəhadətnamələrin verilməsi dayandırıldı.
Bu illər ərzində şəhadətnaməsi olan vətəndaşların böyük bir qismi həmin sənəd əsasında torpaqlarına çıxarış ala bilsə də, xeyli sayda insan hələ də bu sənədlə öz torpaq sahələrindən istifadə edir. Həmin şəhadətnamələr əsasında çıxarışların verilməsi zamanı bir sıra problemlər yaranıb. Bu problemlərin aradan qaldırılması məqsədilə artıq Torpaq Məcəlləsinə və digər qanunlara dəyişikliklərin edilməsi gözlənilir.
Bundan əlavə, 2015-ci ilə qədər torpaqlarla bağlı verilmiş cizgi sxemləri, plan-ölçü sənədləri və digər sənədlər, o cümlədən bələdiyyə və icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinə dair yerləşmə cizgi sxemləri və kadastr sənədləri əsasında da yaxın gələcəkdə çıxarışların verilməsi gözlənilir.
Xüsusilə, ayrılmış torpaq sahələrinə dair müvafiq rəsmi qurumlar, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş cizgi sxemləri və torpaq haqqında şəhadətnamələr mövcud olduqda, həmin sənədlər əsasında çıxarış əldə etmək imkanı nəzərdə tutulur”.
Məhəbbət Tərlanoğlu
18:53 23.11.2026
Oxunuş sayı: 37