Ukrayna Rusiyanın “ürəyini” hədəf alır: Müharibə davam edəcək
Rusiya-Ukrayna müharibəsi fonunda tərəflər arasında hərbi qarşıdurma və qarşılıqlı təhdidlər davam edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım körpüsünün gələcəkdə tamamilə dağıdılacağı ilə bağlı bəyanatı isə müharibənin növbəti mərhələsində gərginliyin daha da artacağına dair müzakirələri gündəmə gətirib. Zelenski noyabrın 20-də verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin Krım körpüsünün qorunub saxlanılmayacağını anlamalı olduğunu bildirib. Nəzərə alsaq ki, Krım körpüsü Rusiya üçün həm strateji, həm də hərbi-logistik əhəmiyyət daşıyır, bu cür bəyanatlar Moskvanın reaksiyasına da təsirsiz ötüşməyə bilər. Bəs Ukraynanın Krım körpüsü ilə bağlı bu mövqeyi Rusiya ilə müharibənin daha da alovlanmasına səbəb ola bilərmi? Kiyev bu addımları ilə Moskvanı hansı həddə qədər qıcıqlandırır və Rusiyanın mümkün cavabı nədən ibarət ola bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım körpüsünün gələcəkdə tamamilə dağıdılacağı ilə bağlı səsləndirdiyi fikirlər ciddi mesaj kimi qiymətləndirilə bilər: “Rusiya tərəfi körpünün təhlükəsizliyini təmin edəcəyini bəyan etsə də, indiyədək baş verən hadisələr onun bu strateji infrastrukturu bütün mümkün hücumlardan qoruya bilmədiyini göstərir. Ukrayna tərəfi isə müharibə çərçivəsində Rusiyanın hərbi və logistik imkanlarına zərbə vurmaq istiqamətində addımlarını davam etdirir. Müharibənin daha da alovlanması məsələsinə gəlincə, hazırda onsuz da tərəflər arasında hərbi əməliyyatlar intensiv şəkildə davam edir. Rusiya müəyyən diplomatik fəallıq nümayiş etdirərək ABŞ və Çinlə təmaslarını genişləndirsə də, bu görüşlərin müharibənin dayandırılmasına real təsir göstərəcəyini düşünmürəm. Çünki münaqişənin həlli üçün əsas şərtlər hələ də yerinə yetirilməyib. Hesab edirəm ki, Rusiya öz mövqeyindən geri çəkilmədiyi və Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirdiyi müddətdə müharibənin dayanması çətin görünür. Ən azı 2027-ci ilin birinci yarısında da hərbi qarşıdurmanın sürməsi ehtimalı var. Ağ Evin bəyanatlarına baxmayaraq, tərəflər arasında vəziyyətin daha da gərginləşməsi mümkündür. Ukrayna tərəfi də Rusiyanın hərbi addımlarına cavab verməkdə davam edəcək”.
Ayhan
16:00 23.11.2026
Oxunuş sayı: 45