Ukrayna Rusiyanın hərbi gəmisini Liviyada batırıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi qüvvələrinin Liviyanın Benqazi limanında Rusiyaya məxsus “Merkuri” korvetini yeddi dəniz dronu ilə batırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, noyabrın 22-də həyata keçirilən əməliyyat zamanı Ukrayna istehsalı olan yeddi pilotsuz dəniz aparatı istifadə edilib.
O bildirib ki, Rusiya qüvvələrinin hücumun qarşısını almaq cəhdlərinə baxmayaraq, “Merkuri” korveti batırılıb. Gəmidə yerləşən Rusiyaya məxsus Ka-27 hərbi helikopteri də məhv edilib.
Ukrayna lideri qeyd edib ki, “Merkuri” Rusiya Hərbi Dəniz Qüvvələrinin ən yeni gəmilərindən biridir və 2023-cü ildə istismara verilib.
Əməliyyatın ikinci hədəfi isə Rusiyanın silah daşınmasında istifadə etdiyi bildirilən “MV Angara” yük gəmisi olub. Zelenski həmin gəminin də vurulduğunu açıqlayıb.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməliyyatın Liviyanın Benqazi limanı yaxınlığında Ukrayna Müdafiə Qüvvələri ilə birgə həyata keçirildiyini bildirib.
Məlumata görə, “Merkuri” Rusiyanın Qara dəniz donanmasının tərkibində olub və hərbi dəniz karvanlarının müşayiətində iştirak edib.
Liviyanın şərqində fəaliyyət göstərən hakimiyyət orqanları da Benqazidəki hərbi dəniz bazasında Rusiya gəmisinin hücuma məruz qaldığını təsdiqləyiblər.
Rusiya tərəfi isə gəminin batırılması ilə bağlı Ukraynanın açıqlamalarına hələlik münasibət bildirməyib.
14:42 23.11.2026
Oxunuş sayı: 34