Pakistanın Baş naziri Rusiyaya səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üçgünlük rəsmi səfərə gedəcək. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşün keçirilməsi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Pakistanın “Dawn” qəzeti bu barədə məlumat yayıb.
Bildirilib ki, səfərin əsas məqsədi Pakistanla Rusiya arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, enerji və investisiya sahələrində yeni razılaşmaların əldə olunmasıdır.
Məlumata görə, Şahbaz Şərif Vladimir Putinlə görüşündə enerji və müdafiə sahələrində əməkdaşlıq, ticarət əlaqələri, regional təhlükəsizlik və qarşılıqlı investisiyalar məsələlərini müzakirə etməyi planlaşdırır.
Danışıqlarda Pakistanın Kəraçi şəhərində yerləşən “Pakistan Steel Mills” metallurgiya müəssisəsinin modernləşdirilməsinə xüsusi diqqət ayrılacağı gözlənilir.
Tərəflər vaxtilə Sovet İttifaqının köməyi ilə yaradılmış müəssisənin bərpasında Rusiyanın iştirak imkanlarını nəzərdən keçirə bilərlər.
Bundan başqa, Rusiyanın Pakistanın neft-qaz sektoruna mümkün investisiyaları və ölkənin sənaye inkişafını dəstəkləyəcək birgə layihələr də müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Şahbaz Şərif Rusiya səfərindən sonra dekabrın 3–4-də Tehranda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının XVIII Zirvə görüşündə iştirak etməyi planlaşdırır.
12:00 23.11.2026
Oxunuş sayı: 42