Bitcoin "su qiymətinə olur"
Bitcoinin qiymətində son bir ay ərzində müşahidə olunan kəskin ucuzlaşma kriptovalyuta bazarında ciddi müzakirələrə səbəb olub. Dünyanın ən böyük kriptovalyutası son həftələrdə ardıcıl dəyər itirərək investorların narahatlığını artırıb. Nəzərə alsaq ki, Bitcoin ötən dövrlərdə də kəskin enişlərdən sonra yenidən bahalaşaraq yüksək qiymət həddinə çatıb, hazırkı vəziyyət bazarın gələcək dinamikası ilə bağlı suallar doğurur. Bəs Bitcoinin bir ay ərzində 26 min dollardan çox ucuzlaşması normal bazar dalğalanmasıdır, yoxsa daha ciddi maliyyə risklərinin göstəricisidir? Ötən il olduğu kimi, bu dəfə də kəskin enişdən sonra qiymətin yenidən 98 min dollara və daha yüksək səviyyələrə qalxması mümkündürmü?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisad elmləri doktoru Gündüz Camalzadə qeyd edib ki, Bitcoin, əsasən, mərkəzləşdirilməmiş blokçeyn sisteminə əsaslanan kriptovalyutadır: “Ethereum və Ripple kimi digər kriptoaktivlərdən, həmçinin NFT sistemlərindən fərqli xüsusiyyətləri var. Mərkəzləşdirilməmiş sistemlər müxtəlif ölkələrin tətbiq etdiyi sanksiyalara, tənzimləmələrə, informasiya axınına və qlobal böhranlara daha sürətli reaksiya verir. Son dövrlərdə ABŞ, Argentina, Fransa, İtaliya və bəzi Asiya ölkələrinin fond bazarlarında bir sıra bankların səhmlərində ciddi enişlər müşahidə olunub. Bunun səbəblərindən biri həmin bankların daxili sistemlərində yaranan problemlər və kiberhücumlar olub. Eyni zamanda, son dövrlərdə Nvidia da daxil olmaqla bir çox texnologiya şirkətinin səhmlərində kəskin ucuzlaşma qeydə alınır. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri bazarda süni qiymət artımının, başqa sözlə, şişirdilmiş qiymətlərin mövcud olmasıdır. Digər tərəfdən, müxtəlif tənzimləmə mexanizmləri və bankların yeni sistemləri tətbiq etməsi ilə bağlı proseslər də bazarlara təsir göstərir. Bütün bunlar fond bazarlarında eniş və yüksəlişlərin davam edəcəyini göstərir. Hətta ilin ortalarında Şiller əmsalına da diqqət yetirmişdik. Nəzəriyyədə geniş tanınan bu göstərici bazarların qiymətləndirilməsini və mümkün maliyyə risklərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Şiller əmsalının göstəricilərinə əsasən, yaxın dövrdə maliyyə bazarlarında böhran yaşanması ehtimalının mövcud olduğunu görmək mümkündür”.

İqtisadçı qeyd edib ki, bunun bir çox səbəbi var: “İnflyasiya, maliyyə böhranları, texnoloji fəlakətlər, süni intellektin bazarda həddindən artıq şişirdilməsi, qiymət manipulyasiyaları, spekulyasiyalar və arbitraj əməliyyatları bütünlükdə fond bazarlarına təsir göstərir. Eyni zamanda, fiziki əmtəələrin qiymətləri bəzi hallarda rəqəmsal maliyyə alətlərinin qiymətləri ilə müqayisədə daha sürətlə artır. Bütün bu amillər nəticə etibarilə həm kriptoaktivlərə, həm də digər fond bazarlarına təsir edir. Buna son dövrlərdə Türkiyədə yaşanan fond böhranını və Nvidia səhmlərinin dəyərindəki dəyişiklikləri nümunə göstərmək olar. Həmçinin Anthropic və Meta kimi texnologiya şirkətlərinin maliyyə bazarlarında qarşılaşdıqları çətinliklər də diqqət çəkir. İnsanlar yaxın gələcəkdə mümkün maliyyə böhranına hazırlaşırlar. Bu prosesdə yanlış məlumatlar və saxta xəbərlər də insanların gözləntilərinə təsir göstərir. Nəticədə investorların bazara münasibəti dəyişir, maliyyə alətləri yenilənir və onların sayı durmadan artır. Bütün bunlar ümumilikdə maliyyə bazarlarında qeyri-müəyyənliyi gücləndirir. Bir məsələni də qeyd etmək lazımdır ki, fond bazarları bazar iqtisadiyyatına ən uyğun və dinamik modellərdən biridir. Çünki burada qiymətlər tələb və təklif əsasında, demək olar ki, anlıq olaraq dəyişir.
Bitcoinə gəldikdə isə, onun əsas xüsusiyyətlərindən biri emissiya həcminin məhdud olmasıdır. Belə ki, Bitcoin şəbəkəsinin protokoluna əsasən, maksimum 21 milyon BTC istehsal edilə bilər. Buna görə də onun təklif həcmi əvvəlcədən müəyyən edilmiş qaydalarla məhdudlaşdırılıb. Belə bir şəraitdə qiymətə təsir edən əsas amillərdən biri tələbdir. Yəni Bitcoinə tələbin azalması onun qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, bir qədər əvvəl sadaladığımız qlobal iqtisadi və maliyyə amilləri də kriptovalyuta bazarına təsir göstərir. Fond bazarları və kriptovalyutalar dünyada baş verən iqtisadi proseslərə çox sürətli reaksiya verir. Məhz bu baxımdan fond bazarları bazar iqtisadiyyatının dinamikliyini əks etdirən mühüm mexanizmlərdən biridir”.
Ayhan
15:00 23.11.2026
Oxunuş sayı: 178