Rusiya-Ukrayna müharibəsində dönüş?
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasınən sədri Si Cinpin arasında Çində keçirilən üçtərəfli görüş dünya siyasətində mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Görüşdən sonra Putin Yalta Konfransına istinad edərək Ulrayna ilə müharibə, Avropanın təhlükəsizlik arxitekturası və gələcək danışıqlarda Avropa ölkələrinin iştirakı ilə bağlı fikirlər səsləndirib. Bununla belə, liderlərin qəbul etdiyi birgə bəyannamədə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı konkret razılaşmanın yer almaması diqqət çəkir. Avropa liderləri də Ukraynanın və Avropanın iştirakı olmadan müharibənin taleyinin həll edilməsinin mümkün olmadığını bəyan ediblər.
Bəs Si Cinpin, Tramp və Putin arasında keçirilən bu danışıqlar Ukrayna müharibəsinə son qoya bilərmi? Üç böyük gücün ortaq mövqeyə gəlməsi real sülh perspektivi yaradırmı, yoxsa bu görüş daha çox yeni dünya nizamı uğrunda geosiyasi mübarizənin tərkib hissəsidir? Avropa və Ukraynanın danışıqlarda iştirakı olmadan dayanıqlı sülhə nail olmaq mümkündürmü?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən fəlsəfə doktoru Məhəmməd Cəbrayılov qeyd edib ki, Çində Si Cinpin, Donald Tramp və Vladimir Putin arasında keçirilən üçtərəfli görüşü həm dünya, həm də qlobal nizam baxımından mühüm diplomatik hadisə hesab edirəm: “Lakin bu görüşü Rusiya-Ukrayna müharibəsinin başa çatmasında dönüş nöqtəsi kimi qiymətləndirmək hələ tezdir. Çünki böyük dövlətlərin danışıqlar masası arxasında əyləşməsi müharibə aparan tərəflərin sülhə hazır olması ilə eyni məna daşımır. Əvvəla, görüşün nəticələrinə nəzər salaq. Üç dövlət nüvə təhlükəsizliyinin azaldılması və beynəlxalq təhlükəsizlik məsələlərində müəyyən ümumi mövqe nümayiş etdirsə də, müharibənin dayandırılması üçün konkret atəşkəs mexanizmi və ya siyasi razılaşma təqdim olunmayıb. Vladimir Putinin Yalta konfransına istinadını xüsusi əhəmiyyətli hesab edirəm. Burada söhbət yalnız tarixi paralel aparmaqdan getmir. Məncə, Rusiya Ukrayna məsələsini daha geniş geosiyasi müstəviyə çıxarmağa, Avropanın təhlükəsizlik arxitekturasının yenidən müzakirəsinə nail olmağa çalışır. Ancaq burada mühüm bir fərq var. 1945-ci ildə Yalta konfransı keçirilərkən İkinci Dünya müharibəsinin sonu yaxınlaşırdı. Həmin dövrdə müharibədə iştirak edən tərəflər və bütövlükdə dünya artıq müharibənin yaratdığı xaosun içərisində idi. İndi isə Şərqi Avropada müharibə davam edir. Üstəlik, müstəqil Ukraynanın taleyinin onun iştirakı olmadan müəyyənləşdirilməsi dayanıqlı sülhün əldə olunmasına gətirib çıxarmaz. Ukraynanın danışıqlarda tərəf kimi iştirak etməsi zəruridir. Eyni zamanda, Avropa İttifaqı da Ukraynanın maraqlarının bütövlükdə Avropanın təhlükəsizlik maraqları ilə bağlı olduğunu dəfələrlə bəyan edib. Rusiyanın ərazi tələbləri, Ukraynanın suverenliyi ilə bağlı mövqeyi və Avropanın təhlükəsizlik zəmanətləri məsələsində yanaşmalar hələlik üst-üstə düşmür. Bu isə sülh danışıqlarının qarşısında ciddi problem olaraq qalır. Burada Çinin mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Çünki Pekinin Rusiya üzərində müəyyən iqtisadi təsir imkanları var. Lakin Çin bu imkanlardan müharibənin dayandırılması üçün nə dərəcədə istifadə edəcək? Hələlik bu suala konkret cavab yoxdur”.
M.Cəbrayılov qeyd edib ki, diqqətə çatdırmaq istədiyiu digər mühüm məqam cəbhədə mövcud vəziyyətin faktiki qəbul edilməsi ilə işğal altında olan ərazilərin hüquqi statusunun tanınmasının tamamilə fərqli məsələlər olmasıdır: “Bu iki məsələnin qarışdırılması gələcəkdə daha böyük qarşıdurmalar üçün zəmin yarada bilər. Bütün bunları nəzərə alaraq, yaxın aylarda hərtərəfli və davamlı sülh müqaviləsinin imzalanması ehtimalını yüksək qiymətləndirmirəm. Daha real görünən variant müəyyən humanitar razılaşmaların əldə olunması, məhdud atəşkəs təşəbbüslərinin irəli sürülməsi və uzunmüddətli danışıqların aparılmasıdır. Lakin bu proseslərin reallaşması da tərəflərin konkret güzəştlərindən asılı olacaq. Əsl dönüş o zaman baş verə bilər ki, Rusiya maksimalist tələblərini yumşaltsın. Moskva Ukraynanın işğal altında olan ərazilərini, hətta nəzarətində olmayan Donbas ərazilərinin müəyyən hissəsini də tələb edir. Krım məsələsi isə Rusiya üçün, demək olar ki, müzakirə mövzusu hesab edilmir. Bununla yanaşı, Moskva Ukraynaya Avropanın təhlükəsizlik zəmanətləri verməməsi, ölkədə xarici hərbi kontingentin yerləşdirilməməsi və NATO-ya üzvlük məsələsinin dayandırılması kimi tələblər irəli sürür. Bu tələblər isə mövcud reallığı tam əks etdirmir. Doğrudur, Rusiya işğalı davam etdirərək müəyyən əraziləri nəzarətinə götürüb. Lakin Ukrayna hələ də müqavimət göstərir və kapitulyasiya etməyib. Müharibə asimmetrik xarakter daşıyır. Rusiyanın hərbi kontingenti, iqtisadi resursları və digər imkanları Ukrayna ilə müqayisədə daha genişdir. Bütün bu göstəricilər Rusiyanın üstünlüyünü ortaya qoysa da, Ukrayna müqavimətini davam etdirir. Ona görə də Si Cinpin, Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşü müharibənin sonu kimi qiymətləndirməzdim. Bu görüş daha çox böyük güclərin gələcək təhlükəsizlik nizamı uğrunda diplomatik mübarizəsinin yeni mərhələsi kimi dəyərləndirilə bilər.
Məncə, sülhün əsas göstəricisi liderlərin razılığa gəlməsi deyil, həmin razılaşmanın pozulmasının siyasi və hərbi baxımdan tərəflər üçün nə dərəcədə ağır nəticələr doğuracağıdır. Bu baxımdan, görüşün geosiyasi təhlükəsizlik arxitekturasının ilkin konturlarının müəyyənləşdirilməsi istiqamətində əhəmiyyət daşıdığını düşünürəm. Lakin artıq dünyanın xəritəsinin bölüşdürüldüyünü söyləmək və ya bu görüşü Yalta konfransı ilə eyniləşdirmək hələ tezdir. Yeni dünya nizamının formalaşması üçün bundan sonra da belə görüşlərə ehtiyac olacaq. Bu prosesin hansı istiqamətdə inkişaf etməsi isə Rusiyanın vəziyyətindən və Rusiya-Ukrayna müharibəsinin gedişindən asılı olacaq. Hazırkı mərhələdə ABŞ-nin mövqeyinin müəyyən məsələlərdə Rusiyanın maraqlarına yaxınlaşması ehtimalı müzakirə olunsa da, Avropa İttifaqının mövqeyini də nəzərə almaq lazımdır. Çünki Avropada Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda Avropa İttifaqının da iştirakını zəruri hesab edən qüvvələr çoxdur. Ukrayna da bu mövqedədir. Beləliklə, hesab edirəm ki, Çində keçirilən üçtərəfli görüşün Rusiya-Ukrayna müharibəsinin sona çatmasına gətirib çıxaracağını söyləmək hələ tezdir”.
Ayhan
13:00 21.11.2026
Oxunuş sayı: 69