İraqda elektrik stansiyasında partlayış: Ölən və yaralananlar var
İraqın Bəsrə əyalətində yerləşən “Əl-Harisə” elektrik stansiyasında baş verən partlayış və yanğın nəticəsində azı 4 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, İraqın dövlət xəbər agentliyi “INA” bu barədə məlumat yayıb.
Hadisə noyabrın 21-də Bəsrə şəhərinin şimalında yerləşən elektrik stansiyasını təbii qazla təmin edən boru kəmərində baş verib.
Partlayışdan sonra güclü yanğın başlayıb. Alov yaxınlıqdakı yaşayış evlərinə və avtomobillərə yayılaraq ciddi maddi ziyana səbəb olub.
Yerli medianın məlumatına görə, yanğın nəticəsində 17-dən çox yaşayış evinə və bir neçə avtomobilə ziyan dəyib.
Hadisə yerinə cəlb olunan mülki müdafiə və yanğınsöndürmə qüvvələri elektrik stansiyasındakı yanğını nəzarət altına alıblar.
İlkin mərhələdə alovun ətrafdakı yaşayış evlərinə yayılması səbəbindən yanğınsöndürmə əməliyyatları davam etdirilib.
Hadisə nəticəsində ölən və yaralananların sayı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Yerli səhiyyə qurumları əvvəlcə 2 nəfərin öldüyünü, 28 nəfərin yaralandığını açıqlayıblar. Sonrakı məlumatlarda isə ölənlərin sayının azı 4-ə, yaralıların sayının 30-a çatdığı bildirilib.
Partlayışın başvermə şəraiti araşdırılır.
12:22 21.11.2026
Oxunuş sayı: 84