Anar İskəndərov: YAP-ın keçdiyi yol Azərbaycanın müstəqillik tarixinin mühüm səhifələrindən biridir
1992-ci il Azərbaycanın müstəqillik tarixində taleyüklü sınaqların yaşandığı, dövlətçiliyin qorunmasının ən mühüm məsələyə çevrildiyi mürəkkəb bir dövr kimi yadda qalıb. Məhz belə bir şəraitdə yaranan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində ölkənin ictimai-siyasi həyatında mühüm yer tutaraq Azərbaycanın müasir dövlətçilik tarixinin əsas siyasi institutlarından birinə çevrilib. Təsisindən bu günədək keçdiyi yol, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti partiyanın tarixində yeni mərhələlərin əsasını qoyub. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni geosiyasi reallıqlar fonunda keçirilən VIII Qurultay isə partiyanın qarşıdakı dövr üçün hədəflərinin və prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP idarə heyətinin üzvü Anar İskəndərov qeyd edib ki, 1992-ci ilin payızında Azərbaycan dövlətçiliyinin taleyi son dərəcə mürəkkəb və təhlükəli sınaqlarla üz-üzə qalmışdı: "Ölkədə siyasi böhran dərinləşir, hakimiyyət daxilində qarşıdurmalar güclənir, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəbhədən ağır xəbərlər gəlirdi. İqtisadiyyat tənəzzülə uğramış, dövlət idarəçiliyində ciddi problemlər yaranmışdı. Vətəndaş qarşıdurması və ölkənin parçalanması təhlükəsi getdikcə real xarakter alırdı. Belə bir şəraitdə Azərbaycanın gələcəyinə nikbin baxmaq olduqca çətin idi. Məhz həmin ağır günlərdə Azərbaycanın tanınmış ziyalıları, nüfuzlu ictimai-siyasi xadimləri ölkəni böhrandan çıxarmağın yolunu Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyində görürdülər. Onlar 1992-ci il oktyabrın 16-da “91-lər”in müraciəti ilə Ümummilli Liderə üz tutaraq yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Bu müraciətə verilən müsbət cavab Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Respublikanın müxtəlif bölgələrindən gəlmiş 550 nümayəndənin iştirakı ilə keçirilən bu tarixi toplantıda Heydər Əliyev partiyanın sədri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası yalnız yeni siyasi təşkilat kimi deyil, dövlətçiliyin qorunması, milli həmrəyliyin təmin edilməsi və Azərbaycanın gələcək inkişafı naminə yaranmış ictimai-siyasi zərurət kimi meydana çıxdı. 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultayda Prezident İlham Əliyevin bu tarixi hadisəyə xüsusi diqqət yetirməsi də təsadüfi deyildi. Dövlət başçısı qeyd etdi ki, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı Azərbaycanın sonrakı qələbələrinə yol açmışdır. Bu fikir partiyanın yaranma tarixinin ölkəmizin müasir dövlətçilik tarixindəki əhəmiyyətini bir daha təsdiqləyir. Yeni Azərbaycan Partiyası yaranmasından cəmi bir neçə ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən, parçalanma və dövlət müstəqilliyini itirmək riskindən xilas etdi. Ulu Öndərin qətiyyətli rəhbərliyi ilə dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi, atəşkəsə nail olundu, ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi və iqtisadi inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, ölkəyə xarici investisiyaların cəlb edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdı. Bu müqavilə ilə əsası qoyulan enerji strategiyası sonrakı illərdə Azərbaycanın iqtisadi və siyasi imkanlarının genişlənməsinə mühüm töhfə verdi. 2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. 2005-ci ildə keçirilən III Qurultayda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın iqtisadi potensialı artdı, beynəlxalq mövqeləri möhkəmləndi, ordu quruculuğu sürətləndi və ölkəmizin qarşısında duran ən mühüm tarixi məqsəd – ərazi bütövlüyünün və suverenliyin bərpası istiqamətində ardıcıl addımlar atıldı".
Komitə sədri qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın hərb və dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldı: "Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, xalqımızın milli qüruru və tarixi ədalət bərpa olundu. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin edildi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında 8 Noyabr və 20 Sentyabr tarixlərinin müasir tariximizdə xüsusi yer tutduğunu vurğuladı. Dövlət başçısının fikrincə, bu iki tarixi Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin siyasi iradəsinin və gücünün təntənəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlət siyasətinin əsas istiqamətlərindəndir. VIII Qurultay Yeni Azərbaycan Partiyasının tarixində də xüsusi mərhələdir. Çünki bu qurultay ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra keçirildi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan artıq yeni geosiyasi reallıqlar şəraitində fəaliyyət göstərir. Ölkəmizin iqtisadi müstəqilliyi təmin edilib, beynəlxalq mövqeləri möhkəmlənib, Azərbaycan öz taleyini özü müəyyən edən güclü dövlətə çevrilib. Dövlət başçısının qurultaydakı nitqində qarşıdakı dövr üçün müəyyən etdiyi prioritetlər xüsusi əhəmiyyət daşıyır. Bu prioritetlər sırasında hərbi gücün və müdafiə qabiliyyətinin daha da artırılması, milli təhlükəsizliyin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, təhsilin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin sosial rifahının yüksəldilməsi mühüm yer tutur. Xüsusilə ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirilməsi müasir dövrün çağırışları baxımından vacibdir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai rəyə ciddi təsir göstərdiyi bir zamanda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması mühüm vəzifələrdəndir. Prezident İlham Əliyev bu istiqamətdə təhsilin, biliyin, milli kimliyin və müasir ideoloji işin əhəmiyyətini xüsusi vurğuladı. Eyni zamanda, partiya fəaliyyətində formal tədbirlərdən uzaqlaşmağın, cəmiyyətlə daha canlı və səmərəli ünsiyyət qurmağın vacibliyinə diqqət çəkdi. Bu çağırışlar Yeni Azərbaycan Partiyasının qarşısında da mühüm vəzifələr qoyur. Partiya yalnız ölkənin siyasi həyatında iştirak edən təşkilat deyil, həm də dövlətçilik ideyalarının təbliğində, ictimai təşəbbüslərin dəstəklənməsində, vətəndaşlarla dialoqun genişləndirilməsində və yeni nəslin ictimai fəallığının artırılmasında məsuliyyət daşıyan siyasi qurumdur".
Anar İskəndərov bildirib ki, partiyanın üzvlük göstəriciləri də onun təşkilati miqyasını nümayiş etdirir: "2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyasının 4953 ərazi partiya təşkilatı üzrə 769 811 üzvü qeydə alınıb. Onların 398 568 nəfərini qadınlar, 43 379 nəfərini isə 18–29 yaşlı gənclər təşkil edir. VII Qurultaydan sonrakı dövrdə partiyaya 95 379 yeni üzv qəbul olunub. Bu göstəricilər partiyanın təşkilati strukturunun genişliyini və üzvlük sıralarının yeniləndiyini göstərir. VIII Qurultayda səsləndirilən fikirlərdən biri də partiya fəallarının cəmiyyətlə əlaqələrinin daha da gücləndirilməsi, əhali ilə birbaşa ünsiyyətin genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsinin vacibliyidir. Bu baxımdan YAP-ın gələcək fəaliyyəti yalnız əldə edilmiş nəticələrin təqdimatı ilə məhdudlaşmamalı, insanların gündəlik qayğılarının öyrənilməsi, sosial problemlərin həllinə töhfə verilməsi və ictimai etimadın möhkəmləndirilməsi ilə müşayiət olunmalıdır. Bu gün Yeni Azərbaycan Partiyası 34 illik tarixi ərzində formalaşmış siyasi təcrübəsi, geniş təşkilati şəbəkəsi və ölkənin ictimai-siyasi həyatındakı mövqeyi ilə fəaliyyətini davam etdirir. Onun qarşısında duran əsas vəzifələrdən biri Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin qorunması, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin ictimaiyyətə çatdırılması, milli həmrəyliyin möhkəmləndirilməsi və müasir çağırışlara uyğun fəaliyyətin qurulmasıdır. Yeni Azərbaycan Partiyasının keçdiyi yol Azərbaycanın müstəqillik tarixinin mühüm səhifələrindən biridir. 1992-ci ildə ağır siyasi böhran şəraitində yaranan partiya bu gün tamamilə fərqli ictimai-siyasi və geosiyasi reallıqlar dövründə fəaliyyət göstərir. Zaman dəyişib, qarşıda duran vəzifələr yenilənib, lakin dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və Azərbaycanın davamlı inkişafı məsələləri öz aktuallığını saxlayır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan yalnız hesabat və qərarlar toplantısı deyil, həm də yeni dövrün çağırışlarının, hədəflərinin və məsuliyyətinin müəyyənləşdirildiyi mühüm siyasi hadisədir. Azərbaycanın gələcək inkişafı, əldə edilmiş nailiyyətlərin qorunması və yeni uğurların qazanılması isə dövlət, cəmiyyət və siyasi institutlar qarşısında birgə məsuliyyət yaradır".
Ayhan
12:30 21.11.2026
Oxunuş sayı: 83