Paşinyan növbədənkənar seçkilərə gedə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsini referenduma çıxara bilməyəcəyi təqdirdə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Joxovurd” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında konstitusiya dəyişikliklərinin həyata keçirilməsi üçün müxtəlif siyasi ssenarilər nəzərdən keçirilir.
Paşinyanın yaxın vaxtlarda ictimaiyyət qarşısında çıxış edərək yeni Konstitusiyanın qəbulunun zəruriliyini və islahatların məqsədlərini izah etməyi planlaşdırdığı bildirilir.
Baş nazirin əsas hədəfi layihəyə ictimai dəstək qazanmaq və daha sonra parlament prosedurları vasitəsilə referendumun keçirilməsinə nail olmaqdır.
Lakin hakimiyyət daxilində bu planın baş tutmayacağı ehtimalı da nəzərə alınır. Belə olan halda növbədənkənar parlament seçkilərinin keçirilməsi variantı gündəmə gələ bilər.
Mənbələrin iddiasına görə, hakim partiya mümkün erkən seçkilərdə parlamentdəki mandatlarının sayını artırmağa və müxalifətin mövqelərini zəiflətməyə ümid edir.
Digər tərəfdən, hökumət yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edərkən Baş nazirin səlahiyyətlərinin azaldılması və müxalifətin imkanlarının genişləndirilməsi məsələlərini ön plana çıxarmağı nəzərdən keçirir.
Qeyd edək ki, Paşinyan noyabrın 19-da müxalifətə yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsini dəstəkləməyi təklif edib.
O bildirib ki, referendumda layihə qəbul edilməsə, istefa verəcək. Əgər yeni Konstitusiya təsdiqlənsə, növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək.
Hələlik növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə rəsmi qərar qəbul olunmayıb.
13:33 21.11.2026
Oxunuş sayı: 48