Latviya Aİ-ni rusiyalılara sərhədləri bağlamağa çağırıb
Latviyanın Baş naziri Andris Kulbergs Avropa İttifaqını (Aİ) bütün Rusiya vətəndaşlarının ölkələrə girişini qadağan etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşri bu barədə məlumat yayıb.
Baş nazir bildirib ki, Avropa İttifaqına daxil olan ölkələr ərazilərinə buraxılan yüz minlərlə rusiyalı turistin təhlükəsizlik baxımından hərtərəfli yoxlanılmasını təmin edə bilmirlər.
“Hazırda bu qədər insanın Avropa İttifaqına buraxılması çox təhlükəlidir. Biz Rusiyaya güzəştə getməməli və zəiflik nümayiş etdirməməliyik. Heç kim bu qədər insanı yoxlaya bilməz”, – deyə Kulbergs vurğulayıb.
O, Ukraynada atəşkəs əldə edildikdən sonra Moskva ilə münasibətlərin əvvəlki vəziyyətinə qaytarılması ehtimalını da rədd edib.
“Bəziləri hesab edir ki, atəşkəsdən sonra Rusiya ilə normal münasibətlərə qayıtmaq mümkün olacaq. Bu, mümkün deyil. Yeni dövr başlayıb”, – deyə Baş nazir bildirib.
Qeyd edək ki, Latviya iyun ayında İsveçin təşəbbüsü ilə Avropa Komissiyasına müraciət edərək Rusiya vətəndaşlarına viza verilməsinin məhdudlaşdırılmasını istəyən 11 ölkədən biri olub.
Avropa İttifaqının miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner isə oktyabrda bildirib ki, Avropa Komissiyası gələn il bununla bağlı rəsmi təklif təqdim edə bilər.
13:50 21.11.2026
Oxunuş sayı: 47