İran və Ermənistan süni intellekt sahəsində əməkdaşlığı genişləndirir
İran və Ermənistan rabitə, telekommunikasiya, yüksək texnologiyalar və süni intellekt sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, İranın dövlət informasiya mənbələri bu barədə məlumat yayıb.
İranın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşimi Ermənistanın yüksək texnologiyalar sənayesi və süni intellekt naziri Davit Tadevosyan ilə görüşüb.
Görüş zamanı tərəflər kommunikasiya infrastrukturunun inkişafı, poçt xidmətləri, poçt bağlamalarının mübadiləsi, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Nazirlər qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin davam etdirilməsinin və əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Səttar Haşimi Ermənistanda keçirilən “DigiTec 2026” beynəlxalq texnologiya sərgisində də iştirak edib.
Sərgi çərçivəsində İran və Ermənistanın informasiya texnologiyaları üzrə mütəxəssislərinin, eləcə də iş adamlarının iştirakı ilə ixtisaslaşdırılmış görüş keçirilib.
Görüşdə iki ölkə arasında texnoloji əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
13:37 21.11.2026
Oxunuş sayı: 43